AzTV-nin sədri Rövşən Məmmədov ADU-da qonaq olub
Noyabrın 1-də Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovla görüşüb.
Qonağı salamlayan rektor universitetdə tədris olunan jurnalistika ixtisasının fəaliyyətindən, eyni zamanda, universitetdə həyata keçirilən yeniliklərdən danışıb:
“Universitetimizdə tədris olunan jurnalistika ixtisası ingilis dilində keçirilir. Məhz ingilis dilində tədrisin olunması tələbələrin mətbuat üzrə beynəlxalq arenada yer tutmalarında mühüm rol oynayacaq. Bizim universitetin tələbələri yalnız tədrisdə deyil, universitetdə olan digər layihələrdə də fəal iştirak edir. Onlardan biri həvəslə iştirak etdikləri “Bir günlük xəlifə” layihəsidir. Bu layihədə tələbələrimiz bir gün ərzində universitetin rəhbər şəxslərinin işini icra edirlər. Tələbələr bir il müddətində kölgə kabinetində fəaliyyətlərini davam edirlər”.
AzTV-nin sədri Rövşən Məmmədov dəvətə və səmimi münasibətə görə minnətdarlığını bildirib, Teleradio akademiyasının fəaliyyətindən danışıb. O, Akademiyanın məqsədinin jurnalistika, filologiya ixtisasında təhsil alan və ya təhsilini başa vurmuş, eləcə də bu sahədə nəzəri bilikləri olan tələbələri akademiyaya dəvət etmək, müəyyən olunmuş proqram çərçivəsində dərslərə qoşularaq nəzəri və praktiki biliklərini təkminləşdirmək olduğunu bildirib.
Görüş zamanı hər iki tərəf müzakirə olunan məsələlərin reallaşdırılması istiqamətində gələcəklə bağlı planlar ətrafında söhbətlər aparıblar.
Daha sonra qonaq Jurnalistika, filologiya ixtisasında təhsil alan 3-cü və 4-cü kurs tələbələri ilə görüş olub.