XƏBƏRLƏR

ADU-da şəhid Əzim Həsənovun xatirəsi yad olunub

28 oktyabr, 2022
ADU-da şəhid Əzim Həsənovun xatirəsi yad olunub
 
Azərbaycan Dillər Univrsitetində Təhsil-1 fakültəsinin İngilis dili müəllimliyi ixtisası üzrə
məzunu Əzim Həsənovun şəhid olmasının ildönümü münasibətilə anım tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayan rektor məsləhətçisi Anar Osmanlı 44 günlük Vətən müharibəsi
zamanı əsgər və zabitlərin şücaətindən bəhs edib.
Rektor məsləhətçisi Anar Osmanlı universitetin hər iki tədris binalarının giriş hissəsində şəhid
tələbə və məzunlarımızın əziz xatirəsinə həsr olunmuş guşənin yaradılması tələbələrdə
vətənpərvərlik hissinin formalaşmasında xüsusi rol oynayacağını qeyd edib.
Təhsil-1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov İkinci Qarabağ müharibəsində
Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan
torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbəmizdən, adıçəkilən fakültənin məzun
şəhidi Əzim Həsənovun ömür və döyüş yolundan danışıb.
Universitetin 4-cü kurs tələbəsi İsmayıl Xuduyev şəhid Əzim Həsənovun ömür və
universitetdəki fəaliyyəti haqqında çıxış edib.
Xatırladaq ki, Əzim Həsənov 2019-cu ildə Universiteti bitirib, həmin ildə də həqiqi hərbi
xidmətə yollanıb. O, hərbi xidmətdə olarkən İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi)
başlanıb. Əzim “həmlə taboru”nda xidmət edərək Cəbrayıl, Hadrut, Xocavənd və Füzuli uğrunda
gedən döyüşlərdə cəsarətlə vuruşub. Tabor komandiri onun barəsində belə deyib: “Əzim şir ürəyi
yemişdı. O, çox qeyrətli və qorxmaz əsgər idi”. Əzim Həsənov axırıncı dəfə 27 sentyabr 2020-ci
il tarixində dostuna zəng vuraraq deyir: “Gedirik”. Dostu soruşur: “Haraya”. Əzim deyir: “30
ildə haraya getməli idiksə...oraya! O, deyirdi ki, döyüşə gülə-gülə, sevinə-sevinə gedirik və
torpağımızın hər qarışını alanda ruh yüksəkliyimiz daha da artır. Əzim Füzulinin Aşağı
Seyidəhmədli kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və 30 oktyabr 2020-ci il
tarixində Mingəçevir şəhərinin “Şəhidlər xiyabanı”nda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı ilə Əzim Fikrət
oğlu Həsənov ölümündən sonra vətən qarşısındakı xidmətlərinə görə “Vətən uğrunda”, Füzulinin
azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.