ADU-da Türkiyə Cümhuriyyətinin 99 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib
28 oktyabr 2022-ci ildə ADU-da Türkiyə Araşdırmaları Mərkəzinin, Azərbaycanşünaslıq EM və BDU Şərqşünaslıq fakültəsinin birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 99 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Türkiyə Araşdırmaları Mərkəzinin müdiri, fil.ü.f.d., dos. Elçin İbrahimovun moderatorluğu ilə keçən tədbirdə əvvəlcə çıxış edən Universitetin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla Azərbaycan-Türkiyə elmi, mədəni əlaqələrindən bəhs edərək bildirmişdi ki, Türkiyə Cümhuriyyətinin qurucusu, Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdi" və Ulu Öndər Heydər Əliyevin "Bir millət iki dövlət" şüarları bu gün iki dövlət arasında tərəqqi dövrünü yaşayır. Biz bu gün cənab prezident İlham Əliyev və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Erdoğanın əməli fəaliyyətlərində bu qardaşlığın dərin izlərini görürük. İstər elmi-mədəni, istərsə də iqtisadi, demək olar ki, bütün sahələrdə münasibətlərin tərəqqi dövrünü yaşayır.
Daha sonra Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirinin birinci müavini Barış Sayqın çıxış edərək Azərbaycan-Türkiyə əlaqələrinin tarixindən və bugünkü günkü münasibətlərindən danışıb.
Professor Solmaz Rüstəmova-Tohidinin "Türkiyə Cümhuriyyətinin 99 illiyi (tezislər)" və Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndanın "Milli-mücadilə dövrü və M.K.Atatürk" mövzularında məruzələri dinlənilib.
Tədbirin sonunda Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin Türkiyəşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin ifasında "İstiqlal Marşı" dinlənilmişdi.