XƏBƏRLƏR

ADU-nun tələbə və müəllimləri Koreya kino festivalında iştirak ediblər

24 oktyabr, 2022

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində Koreya Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Koreya Fondu və Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatı dəstəyi ilə Park Bulvarda Koreya Kino festivalı keçirilib. Festivalda həm Koreya Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri, həm də ADU-nun tələbə və müəllim heyəti iştirak edib.

Açılış nitqi ilə çıxış edən Tərcümə fakültəsinin dekan müavini Malik Kərimli qonaqları salamlayıb və təbrik nitqini söyləyib. O, bu tədbirin ölkələrarası əlaqələrin inkişafı məqsədi ilə keçirildiyini qeyd edib və təşkilatçılara öz təşəkkürünü bildirib.

Rəsmi açılış hissəsindən sonra 2013-cü il istehsalı olan “Fizioqnomist” və 2017-ci ildə lentə alınan “Taksi sürücüsü” adlı Koreya filmləri nümayiş etdirilib. Azərbaycan dilində altyazı ilə nümayiş olunan filmlər Tərcümə fakültəsinin Koreya dili ixtisası üzrə təhsil alan tələbələri tərəfindən tərcümə edilib.