XƏBƏRLƏR

ADU-da tərcüməçi Vilayət Hacıyevlə görüş keçirilib

20 oktyabr, 2022

Azərbaycan Dillər Universitetində ustad tərcüməçi, dosent Vilayət Hacıyevlə görüş keçirilib.

ADU-nun rektoru akademik Kamal Abdulla görüş iştirakçılarını salamlayıb, Vilayət Hacıyevlə bağlı xoş xatirələrini  bölüşüb.

Rektor V. Hacıyevi 50 illik səmərəli elmi-pedaqoji fəaliyyətinə, peşəkar tərcüməçi kadrların yetişdirilməsində göstərdiyi  xidmətlərinə görə Azərbaycan Dillər Universitetinin Fəxri Fərmanı ilə təltif edib.

Görüşdə Tərcümə fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Bənövşə Məmmədova tərcüməçinin həyatı və yaradıcılığı haqqında məlumat verib.

ADU-nun tərcümə fakültəsinin Roman dillərinin tərcümə nəzəriyyəsi kafedrasının baş müəllimi  Rəna Əliyeva V. Hacıyevin tərcümə sahəsində göstərdiyi xidmətlər və layiq görüldüyü mükafatlar haqqında danışıb.

Görüşdə adıçəkilən fakültənin müəllim heyəti ustad tərcüməçi haqqında xoş sözlərini bildirib,  onunla bağlı xatirələrini bölüşüblər.

Vilayət Hacıyev görüşün təşkilində əməyi keçənlərə minnətdarlığını bildirib.

Xatırladaq ki, Vilayət Hacıyev ADU-nun Tərcümə fakültəsinin dekanı vəzifəsində çalışıb.