ADU-nun professorunun yeni kitabı nəşr olunub
Azərbaycan Dillər Universitetinin müəllimi, Pedaqoji elmlər doktoru, professor Dilarə İsmayılovanın “Glossary of English Educational Terms” adlı kitabı nəşr olunub.
Kitab metodika elminə dəyərli töhfə, metodika sahəsində ilk irihəcmli izahlı lüğətdir.
Lüğətin əsas məqsədi tələbələrə və müəllimlərə təhsil sahəsində istifadə olunan terminlərin izahını verməkdir.
Lüğət ali məktəb tələbələri, müəllimlər, doktorantlar, dissertantlar, ümümiyyətlə ingilis dilini öyrənmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Təhsilin müasir inkişafı, bu sahədə atılan yeni islahatların təşəkkülü, eləcə də elmlərin inteqrasiyası və diferensiyası nəticəsində terminlərin toplanması və onların sistemləşdirilməsi “Glossary of English Educational Terms” lüğətinin tərtibini zəruri edib.
Qeyd edək ki, kitabın müəllifi professor Dilarə İsmayılova 1945-ci il sentyabrın 12-də Bakı şəhərində anadan olub. O, 1962-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutuna qəbul olub və 1968-ci ildə həmin institutu bitirib. Və 1968-ci ildən etibarən institutda müəllim kimi çalışmağa başlayıb. D. İsmayilova 1985-ci ildə Moskvada SSRİ Pedaqoji Elmlər Akademiyası Tədrisin Məzmunu və Metodları Elmi Tədqiqat İnstitutunda “Azərbaycanın orta və ümumtəhsil məktəblərində (orta məktəblərdə və bir sıra fənlərin xarici dildə tədris edildiyi məktəblərdə) dialoji nitqin tədrisində ingilis sual-cavab dialoji vahidlərin işlənmə metodikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. O, 2003-cu ildə “Dil İnstitutlarının birinci və ikinci kurslarında müasir ingilis dilində dialoji nitqin tədrisi metodikası” adlı doktorluq dissertasiyasını müdafiə edib. 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona pedaqoji elmlər doktoru elmi dərəcəsi verilib. D.İsmayılova Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 aprel 2015-ci il tarixli qərarı ilə Professor elmi adına layiq görülüb. 2016-cı ildə isə o, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında” sərəncamına əsasən “Əməkdar müəllim” fəxri adı ilə təltif olunub.