ADU-da “Hüseyn Cavid yaradıcılığında bəşəri dəyərlər” mövzusunda tədbir keçirilib
Azərbaycan Dillər Univesitetinin Multikulturalizm Mərkəzi, Azərbaycan ədəbiyyatı kafedrası, Azərbaycanşünaslıq Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Hüseyn Cavid yaradıcılığında bəşəri dəyərlər” mövzusunda tədbir keçirilib.
Multikulturalizm mərkəzinin müdiri Loğman Rəşidzadənin moderatorluğu ilə baş tutan tədbirdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov böyük şair və dramaturq H.Cavidin zəngin yaradıcılığından danışıb.
ADU Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı f.e.d., professor Tahirə Məmməd, Azərbaycan Ədəbiyyatı kafedrasının müəllimi, fil.f.d.,dosent Vəfa Fətullayeva, “Ədəbiyyat qəzeti”nin baş redaktor müavini fil.f.d. Adil Cəmil, AMEA- nın əməkdaşı f.e.d. Pərvanə Bəkirqızı, ADU Multikulturalizm mərkəzinin elmi işçisi Turan Kərimli, ADU Filologiya fakültəsinin dekanı, fil.e.d., professor Şahin Xəlilli öz çıxışlarında ictimai xadimin ömür yolundan, zəngin ədəbi irsinin əhəmiyyətindən, tariximizdəki əhəmiyyətli xidmətlərindən bəhs ediblər.
Çıxışlar zamanı Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında yeri, mövqeyi səciyyələndirilib, H.Cavidin romantizm cərəyanının əsas nümayəndəsi kimi ədəbiyyat tariximizdə dəyərli mövqe qazandığı vurğulanıb.
Sonda tələbələr şair - dramaturq Hüseyn Cavidin şeirlərini söyləyiblər.
Qeyd edək ki, “Mənim tanrım gözəllikdir, sevgidir” kredosu ilə ədəbiyyata gələn romantik şair Hüseyn Cavid daim əqidəsinə, məsləkinə, ədəbi platformasına sadiq qalmış, bütün əsərlərində “əsir olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir” ruhunu yaşatmışdır.