XƏBƏRLƏR

Müstəqilliyin Bərpası Günü – Şanlı tarixdən bu günə…

18 oktyabr, 2022

XX əsrin sonlarında artıq elə bir tarixi şərait yetişmişdi ki, fərqli xalqların və dövlətlərin zorla birləşdirildiyi və süni yaradılmış vəhdətin yoxa çıxdığı SSRİ adlı nəhəng quruluş dağılmaq üzrə idi.

Bu prosesə töhfəsini verən xalqlardan biri də Azərbaycan xalqı oldu. Müstəqilliyinə təşnə olan, siyasi ayıq-sayıqlığını illər ərzində itirməyən, dilinə, dininə sahib çıxan xalqımız mitinqlər keçirir, azadlıq tələb edirdi. Bu proses artıq SSRİ-nin tərkibindəki əksər dövlətlərdə gedirdi. SSRİ Baltikyanı ölkələrdə, Ukraynada, Gürcüstanda, Azərbaycanda gedən xalq hərəkatlarının, müstəqillik mübarizəsinin nəticəsi olaraq dağılırdı.

Belə bir dövrdə Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi öz əlləri ilə yazdı. Onun Azərbaycan xalqı qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsi oldu.

1991-ci il 18 oktyabr tarixində ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi.
Yenə bu ölkənin səmasında üçrəngli bayraq dalğalandı, dövlət himnimiz seçildi. Qarşıda dövlətimizi şərəfli bir tarix gözləyirdi. Artıq qərarlar Bakıda qəbul ediləcək, xalqımız gözünü öz seçdiyi hökumətə dikəcək və torpaqlarımız parça-parça yad dövlətlərə peşkəş edilməyəcəkdi.

SSRİ-dən ayrılmaq çətin olmadı. Çünki bir neçə il idi ki, Azərbaycan bu quruluşdan ən böyük xəyanətləri görürdü. Qanlı 20 Yanvar hadisələrindən sonra əslində Azərbaycan xalqı artıq SSRİ-dən ayrılmaq qərarını vermişdi. Əhalidə Moskva hakimiyyətinə qarşı bir nifrət yaranmışdı.

18 oktyabrda isə müstəqilliyin bərpa olunması ilə Azərbaycanın Sovet işğalından qurtulması birmənalı şəkildə təsbit edildi. Ardınca dünya dövlətləri tərəfindən müstəqilliyimiz tanındı.

Prezident İlham Əliyev də müstəqilliyimizin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində bu tarixi hadisəni yüksək qiymətləndirib: “1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanmış, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etmişdir. Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşmiş, ağır sınaqlardan keçmişdir. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuşdu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüşdür. Baş verənlər bir daha göstərmişdir ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Azərbaycan tarixinin bu ağır dönəmində Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Yalnız bundan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı. Qısa müddətdə ölkəmizin müstəqil daxili və xarici siyasət strategiyasının təməl prinsipləri müəyyən olundu, ictimai-siyasi sabitlik, dövlət intizamı təmin edildi, demokratik islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanıldı. Azərbaycan gələcək taleyi baxımından həlledici rola malik “Əsrin müqaviləsi”ndə iştirakı ilə dünyanın enerji xəritəsində xüsusi mövqe qazandı, qlobal iqtisadi mühitə inteqrasiya proseslərinə qoşularaq gələcək müvəffəqiyyətlərinə yol açan cəsarətli addımlar atdı”.

Azərbaycan artıq dünyanın əksər nüfuzlu beynəlxalq təşkilatlarının tamhüquqlu üzvü, mühüm beynəlxalq iqtisadi layihələrin iştirakçısı, hətta müəllifidir. Azərbaycan bu gün dünyada öz sözünü deyən dövlətdir. 2020-ci ildə 44 günlük müharibə ilə ərazi bütövlüyümüzü bərpa etdik. Azərbaycan Ordusu XXI əsrin müharibəsini apardı, hərbi qüdrətini ortaya qoydu. Dünya bu savaşda PUA-ların ən effektli istifadəsini gördü. Qarabağ savaşında həm də Ermənistana havadarlıq edən dövlətlər öz hərbi potensialının necə sual altına düşdüyünün şahidi oldular.

Bu gün qardaş Türkiyə ilə hərbi müttəfiqlik aktı imzalayan dövlətimiz regionda özünün mütləq təhlükəsizliyini təmin edib. Qardaş kürəyini Qardaşa söykəyib. Qalib dövlət kimi danışıqlar masasında öz sözünü deyən Prezidentimiz cənab İlham Əliyev həm tarixi sərhədlərimizin bərpası, həm Zəngəzur dəhlizinin açılması və

Naxçıvanla quru əlaqələrinin yaranmasını, həm də ölkəmizin beynəlxalq logistika qovşağının mərkəzinə çevrilməsini hədəfləyib.

MDB dövlətlərinin əksəriyyəti bu gün də Qərblə Rusiya arasında seçim etmək və iki siyasi qütbdən birinə sığınmaq, digərinin təzyiqlərinə dözmək məcburiyyətindədirlər. Prezident İlham Əliyevin ideya müəllifi olduğu və rəhbərlik etdiyi Qoşulmama Hərəkatı və bu hərəkatın prinsipləri nəticəsində Azərbaycan bütün siyasi və hərbi bloklardan kənardadır. Azərbaycan hökuməti üçün bu gün önəmli olan məsələ dövlətin suverenliyini, ərazi bütövlüyün və xalqın təhlükəsizliyini qorumaqdır. Bu gün Azərbaycan regionun ən sabit dövlətlərindən biridir.

İqtisadi inkişafa gəlincə, müstəqilliyin ilk illərindən Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi nəhəng enerji layihələri ilə dünya bazarına çıxan Azərbaycan indi də Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli bir enerji layihəsinin müəllifidir.

Təsadüfi deyil ki, Rusiya-Ukrayna münaqişəsi fonunda Qərblə Rusiya arasında yaşanan enerji böhranı, Azərbaycanın Qərbin enerji bazarındakı rolunu bir qədər də artırıb. Artıq Azərbaycan Avropanın enerji bazarının şaxələndirilməsində iştirak edən oyunçulardan biridir və Qərbin enerji təhlükəsizliyində rol oynayır. Müstəqil Azərbaycanın dövlət büdcəsi 32 milyard manatın üzərindədir.

Bu gün – Müstəqilliyimizin bərpası günündə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən bu uğurlu yola nəzər salmağımızın səbəbi həm də budur ki, dövlətimizin necə qüdrətli, müstəqilliyimizin əbədi olduğuna bir daha şahid olaq. Bir vətəndaş olaraq hər birimizin borcu müstəqil dövlətimizin inkişafına öz töhfəmizi vermək və bu ölkəyə kəm baxanlara qarşı barışmaz mövqedə durmaqdır. Müstəqilliyimizin Bərpası Günümüz mübarək!

İradə Sərdarova

filologiya üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Dillər Universiteti

https://www.e-huquq.az/az/news/xeberler/56396.html