XƏBƏRLƏR

ADU-da Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

17 oktyabr, 2022

Oktyabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU)  YAP ADU üzrə ilk təşkilatın  Müstəqilliyin Bərpası Gününə həsr olunmuş  “Azərbaycan Respublikası: uğurlar və yeni hədəflər” mövzusunda tədbiri keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, Azərbaycanın azadlığı,  ərazi bütövlüyü uğrunda şəhid olanların daim hörmətlə yad ediləcəyini qeyd edib. Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanı güclü, qüdrətli dövlətə çevirməsi istiqamətində yorulmaz fəaliyyəti, apardığı uğurlu siyasəti haqqında danışıb, Prezident İlham Əliyevin siyasi fəaliyyətinə verilən yüksək qiyməti diqqətə çatdırıb və tədbir iştirakçılarına öz  tövsiyyələrini verib.

YAP ADU təşkilatının sədri dos. Qorxmaz Mustafayev əldə edilmiş uğurlar və yeni hədəflər, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov  Azərbaycan dövlətinin apardığı uğurlu iqtisadi siyasətin əsas istiqamətləri, Regionşünaslıq kafedrasının müəllimi Sara Ələsgərova  beynəlxalq münasibətlər sahəsində əldə edilmiş uğurları, universitetin Təhsil-2 fakültəsinin tələbəsi Gülüstan Kərimli isə uğurlu gənclər siyasəti barədə çıxış ediblər.