XƏBƏRLƏR

ADU-nun Tərcümə fakültəsinin müəllimləri Brüsseldə ezamiyyətdə olublar

17 oktyabr, 2022

2022-ci il 19 sentyabr – 1 oktyabr tarixlərində ADU-nun Tərcümə fakültəsinin bir qrup müəllimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrantı ilə universitetin həyata keçirdiyi Tərcüməçi hazırlığı üzrə Beynəlxalq Akademik Mobillik “THBAM” adlı qrant lahiyəsi çərçivəsində Belçika Krallığının paytaxtı Brüssel şəhərində ezamiyyətdə olmuşdur.

Ezamiyyət müddətində müəllimlər Brüsselin Azad Universitetinin (The Université libre de Bruxelles) əməkdaşı Dr. Diana Painca tərəfindən təşkil olunmuş “Ənənədən müasir dövrə qədər yazılı və şifahi tərcümə - nəzəriyyə və praktika arasında”, “Tərcümədə terminologiya”, “Miqrasiya – interdissiplinarlıq və beynəlmiləlləşdirmə arasında” və “Yazılı və şifahi tərcümə: xüsusi və kombinə edilmiş vasitə və bacarıqlar”   mövzularında seminarlara qoşulmuş, eləcə də Oana Topalanın “Bilinqvizm və tərcümə” adlı seminarında iştirak etmişlər. Onlar 23.09.2022-ci il tarixində gün ərzində Avropa Parlamentinin peşəkar tərcüməçiləri tərəfindən aparılan aşağıdakı mövzulara həsr olunmuş online seminar və praktik laboratoriya dərslərində iştirak etmişlər:

- Avropa Parlamenti daxilində yazılı tərcümə olunan mətnlər, tərcümə məsələləri;

- 24 dilə tərcümə və subtitrlərin əlavə edilməsi: Avropa Parlamentinin təcrübəsi;

- Şifahi tərcümə üzrə tərcüməçi olmaq;

- Praktik tərcümə və dilin aydınlaşdırılması;

- Dillər üzrə tərcümə laboratoriyası;

- Şifahi tərcüməyə giriş;

- Şifahi tərcümə komanda işi kimi;

- Multimedia materiallarını aydın şəkildə yazmaq və tərcümə etmək.

Qrup 24.09.2022-ci il tarixində Multilinqualizm günü çərçivəsində Avropa Parlamenti tərəfindən təşkil olunmuş çoxsaylı tədbirlərdə canlı iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmiş və tədbirlərin gedişində fikir mübadiləsi aparmaq, təcrübələr ilə bölüşmək üçün həm yazılı, həm də şifahi tərcüməyə aid hər dil üzrə təcrübəli tərcüməçilərin apardığı görüşlərdən yararlanmışdır. Tədbirlərdə iştirak zamanı müəllimlərimiz aşağıdakı mövzulara dair təqdimatları dinləmiş və müzakirələrə qatılmışlar:

- Yazılı tərcüməçi olmağın yolları;

- Şifahi tərcüməçi olmağın yolları;

- Avropa Parlamentində yazılı tərcüməçinin iş günü;

- Avropa Parlamentində şifahi tərcüməçinin iş günü;

- Yazılı, yoxsa şifahi tərcümə?;

- Tərcümə sahəsində təhsil, təhsil formaları;

- Tərcümə sahəsində ixtisasartırma və təkmilləşmə yolları;

- Mürəkkəb dildən aydın dilə;

- Avropa Parlamentində maşın tərcüməsi;

- Avropa Parlamenti, dillər və vahid terminologiyanın tərtibi problemləri.

Multilinqualizm günü çərçivəsində tədbirlərin 4 və daha artıq dildaşıyıcıları olduğu zaman sinxron tərcümənin təşkili məsələləri əyani şəkildə göstərilmişdir, sinxronistlərin işi ilə yaxından tanış olmaq imkanları yaradılmışdır. “Mürəkkəb dildən aydın dilə” mövzusu çərçivəsində mətnin mürəkkəb dilinin aydın formaya salınması ilə bağlı laboratoriyalarda iştirak da təmin olunmuşdur.

Qrup 27.09.2022-ci il tarixində Avropa Tarixi evində təşkil olunmuş muzey turunda iştirak etmiş, Avropanın gələcək üçün qarşısına qoyduğu hədəflər ilə tanış olmuşdur. Bu siyahıya dil müxtəlifliyi kontekstində vahidliyin əldə olunması, terminlər və terminlərin sənədləşdirilməsi, lüğətçilikdə ortaq mövqe və vahidlik hədəfi də daxildir.

Müəllimlər 28.09.2022-ci il tarixində Belçika Ədliyyə Nazirliyinin rəsmi tərcüməçisi Carmen Hopartean tərəfindən aparılan “Konkret dildən sinxron tərcümə” seminarında iştirak etmişlər. 29.09.2022-ci il tarixində isə müəllimlərimiz üçün Dr. Diana Painka “Tərcümə, mədəni vasitəçilik və semiotika”  və “Didaktika və terminologiya” mövzularında seminarlar təşkil etmişdir.

Ezamiyyə müddətində hər axşam gün ərzində müəllimlərin qoşulduğu tədbirlərin onlar üçün faydası, gələcək fəaliyyət üçün gərəkli məqamları müzakirə edilmişdir.

Təlim və seminarlarla yanaşı, müəllimlər tərtib edilmiş proqrama uyğun olaraq qrup şəklində Brüssel şəhəri ilə də tanış olmuş, Belçika Krallığının tarixi və mədəni irsinin əsas memarlıq abidələrini ziyarət etmiş, eyni zamanda Avropa Birliyinin siyasi paytaxtı olaraq Avropa Şurası və Avropa Parlamentinin binası ilə tanış olmuş, aidiyyatı müzeyləri ziyarət etmişlər. 25.09.2022-ci il tarixində qrup Belçikanın orta əsr dövrünə aid incisi hesab olunan Brügge şəhərini ziyarət etmişdir. Onlar şəhərin tarixi abidələri ilə tanış olub, Salvador Daliyə həsr edilmiş muzeyi ziyarət etmişlər. Eyni zamanda, müəllimlər ARTHIS - Belçika-Rumıniya Mədəniyyət Mərkəzində təşkil olunan görüşlərdə fəal iştirak edərək dəyirmi masa arxasında fikir mübadiləsi aparmış, tərcümə sahəsində tədris və təlim barədə, eləcə də mərkəz, Brüsseldə tərcümə bazarı haqqında müzakirələrdə iştirak etmiş, universitetimizdən və Azərbaycanda tərcümə fəaliyyətinə dair məsələlərdən bəhs etmiş, onları maraqlandıran mövzularda suallar vermişlər.