XƏBƏRLƏR

ADU-da şəhid Teymur Osmanlı yad edilib

04 oktyabr, 2022

Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə fakültəsinin məzunu şəhid Teymur Osmanlı 03.10.2022-ci il tarixində - şəhadətə ucaldığı gün onun adını daşıyan auditoriyada yad edilib. Tədbirdə Tərcümə fakültəsinin və Beynəlxalq jurnalistika şöbəsinin tələbələri iştirak ediblər.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Tədbiri giriş sözü ilə rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev açıb. O, birinci Qarabağ şəhidləri, 20 Yanvar və Vətən müharibəsi şəhidləri haqqında məlumat verib.

Tərcümə fakültəsinin dekanı f.f.d.,dos. Bənövşə Məmmədova şəhid Teymur Osmanlının ailəsindən, tələbəlik illərindəki fəaliyyətindən, vətənpərvər ruhlu nümunəvi tələbə olmasından danışıb və təhsil alan tələbələrə də şəhid Teymur kimi vətənpərvər olmalarını arzulayıb. O qeyd edib ki, şəhidin adını daşıyan auditoriyanın divarlarından asılan postlar şəhidin şəxsi sosial şəbəkədə paylaşdığı vətənpərvər postlardır. Bənövşə Məmmədova tədbirdə iştirak edən Beynəlxalq jurnalistika şöbəsinin müdiri b/m. Nərgiz Çərkəzqızını şəhid bacısı kimi təqdim edərək ona söz verib. 

Baş müəllim Nərgiz Çərkəzqızı şəhid qardaşının vətənpərvər olmasından, könüllü olaraq Qarabağa döyüşməyə getməsindən bəhs edib. Sonda isə tədbirdə iştirak edən tələbələrə Vətəni, Torpağı, Bayrağı sevməyi və layiqli, vətənpərvər gənclər olmağı arzulayıb.

Tədbirin sonunda tərcümə fakültəsinin dekanı f.f.d.,dos. Bənövşə Məmmədova jurnalistika fakültəsində təhsil alan tələbələrə öz qələmləri ilə, tərcümə fakültəsində təhsil alan tələbələrə isə tərcümələri ilə gələcəkdə Azərbaycanın reallıqlarını dünyaya çatdıracaqlarına ümid etdiyini vurğulayıb.