“Təhsildə davamlı keyfiyyət təminatı" adlı Beynəlxalq Konfrans keçirilib
29 sentyabr 2022-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə "Baku Marriott Boulevard" Hoteldə “Təhsildə davamlı keyfiyyət təminatı" adlı Beynəlxalq Konfransın açılış mərasimi baş tutub. Konfransda Azərbaycan Dillər Universitetindən nümayəndə heyəti qismində Tədris işləri üzrə prorektor Sevinc Zeynalova və Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Səyanə Bağırova iştirak ediblər.
Konfransın əsas məqsədi təhsildə keyfiyyət təminatı sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, ümumi və ali təhsil pillələrində daxili və xarici keyfiyyət təminatı siyasəti eləcə də mexanizmlərinin təkmilləşdirilməsi, bu iki təhsil pillələri arasında keyfiyyət təminatı sahəsində əlaqələrin qurulmasından ibarətdir.
Əsas məruzəçilərdən olan elm və təhsil naziri cənab Emin Əmrullayev ilk öncə öz çıxışında qeyd edib ki, Azərbaycan təhsil məkanında Boloniya prosesi çərçivəsində həyata keçirilən islahatlar ali təhsilin keyfiyyətinin artırılmasında öz töhfəsini vermişdir. Bununla yanaşı, nazir qarşıda duran hədəflərdən biri olan Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təmin olunması üzrə Avropa Standartları və Təlimatlarına (ESG) uyğun olaraq təhsil pillələri üzrə davamlı keyfiyyətin təmin olunması məsələsinin vacibliyini vurğulayıb.
İki gün davam edən Konfransın ilk günündə panel müzakirələr zamanı keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq təşkilatlarından olan Niderland Krallığının Təhsil üzrə İnspeksiya İdarəsinin Ali Təhsil Departamentinin direktoru Hendrik Martijnse, Ali təhsil üzrə beynəlxalq ekspert, 2009-2013-cü illərdə Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyasının (ENQA) prezidenti olmuş Achim Hopbach, Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) vitse-prezidenti Olgun Çiçek, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara (ESG) uyğun təşkil edilməsi, ümumi və ali təhsil pillələri arasında keyfiyyət təminatının davamlılığının təmin edilməsi barədə müzakirələr aparıblar.
Konfransın ikinci günündə isə ali və ümumi təhsil müəssisələrinin nümayəndələri üçün beynəlxalq ekspertlər tərəfindən praktik təlimlər keçirilib.
30 sentyabr 2022-ci il tarixində Beynəlxalq Konfrans öz işini yekunlaşdırıb.