Ağdam rayon 88 saylı məktəbin direktoru ADU-da olub
Ağdam rayon 88 saylı tam orta məktəbin direktoru Mətanət Məmmədova Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub. Universitetin rektoru, akademik Kamal Abdulla və kollektivlə görüşən məktəb direktoru bildirib ki, Ağdam rayon 88 saylı tam orta məktəbi 1994-cü ildən etibarən Azərbaycan Dillər Universitetinin Yasamal rayonu Şərifzadə 4 ünvanında yerləşən 2 saylı qızlar yataqxanasına məxsus olan binanın ərazisində yerləşdirilmişdi: “26 illik bu uzun zaman ərzində minlərlə şagirdin təhsil almasında və onlarla müəllimin işlə təmin olunmasında bizə yaradılan bu şərait üçün duyduğumuz minnətdarlıq hissini sözlərlə ifadə etmək çətindir.
Ölkənin aparıcı təhsil müəssisələrindən biri olan, Azərbaycan gəncliyinin böyük bir qisminin arzularını bəzəyən Azərbaycan Dillər Universiteti kimi bir müəssisə üçün bu qayğının bir fədakarlıq olduğunun əlbəttə, fərqindəyik. Təhsilin əlçatan olması yalnız bilik verməklə deyil. Təhsil almaq üçün tələbəyə mühit də yaradılmalıdır. Bölgələrdən təhsil almaq üçün paytaxta üz tutan gənclər üçün bu kimi vəziyyətlərin yaratdığı çətinliklərin həm onlara, həm də universitetə maddi və mənəvi təsirləri qaçılmaz olmuşdur”.
Mətanət Məmmədova əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı qəbul etdiyi dövlət proqramına uyğun olaraq, Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksində 960 nəfərlik şagird üçün nəzərdə tutulmuş məktəb binası onların istifadəsinə verilib: “Bu illər ərzində bizə yaradılan şərait üçün, şagirdlərimizin təhsilinə verilən töhfə üçün Sizə məktəbin müəllim, şagird kontingenti və şəxsən öz adımdan dərin təşəkkürümüzü bildirir, Vətənimizin tərəqqisi, xalqımızın firəvanlığı, təhsilimizin inkişafı naminə həyata keçiriləcək dəyərli fəaliyyətinizdə yeni uğurlara imza atmanızı arzulayıram”.
ADU-nun rektoru, akademik Kamal Abdulla yeni bina ilə təmin olunmaları münasibəti ilə məktəb kollektivini və şagirdləri təbrik edib, onlara işlərində və dərslərində uğurlar arzulayıb. Qeyd olunub ki, ADU bundan sonra da məktəblə sıx əməkdaşlıq edəcək, şagirdlərin universitetlə yaxından tanışlığı üçün müxtəlif addımlar atılacaq.