XƏBƏRLƏR

Metafizik adamın 3D formatı

30 sentyabr, 2022

Metafizik adamın 3D formatı

ADU-nun Xarici dillərin tədisi metodikası kafedrasının müdiri Əmralı Şirəliyev haqqında esse   

Bəzən qarşına elə adamlar çıxır ki, kainatın ilkin başlanğıcından formalaşan mövcudat kimi səni düşündürməyə başlayır. Belə qəliz görünən ilk abzasda yadıma Əbu Turxanın sözləri düşdü: “Dünyanı dərk etmək üçün dünyadan kənara çıxmaq lazımdır.” Burada irəli sürülən fikir kosmik anlamda yox, ruhani anlamdadır. Yəni məsələ vizual görüntü mahiyyətindən uzaq, daxili “mən”in səsi ilə uzlaşmalıdır.

Əmralı müəllim mənim düşüncəmdə metafizik aləmin bütün qanunauyğunluqlarını özündə cəmləşdirən bir insandı. Bu qanunauyğunluqlar istər fəlsəfədə, istərsə də fizika elmində bir məqsədi bəyan etmiş olur: “Düşüncənin xaotik nizamı”... Əmralı müəllimin bir sözü onun bütün fikir və məramını yəqin etməyə imkan verir. Mənim “Ədəbiyyat qəzeti”ndə yayımlanan “Fikir bucağı” layihəmi bircə kəlmə ilə təbrik etdiyini bu cür bildirdi: “Söhbətləşdi: Tural Cəfərli” Bu o deməkdir ki, Əmralı müəllim işin içindədir və bəzən uzun danışmağın estetik gözəlliyinin olmadığını bildiyi üçün lakonik ifadəni üstün bilir. Bu mənim ilk gündən diqqətimi çəkdi. Metafizikada belə lakoniklik kainatın canlı orqanizm kimi faəliyyətində əsas rol oynayır. Ona görə də Əmralı müəllimi “Metafizik adam” hesab edirəm. Onun 3D formatı isə “söz” və “lakonik” ifadənin cəmidir.

Tez-tez ADU-nun pilləkənlərində qarşılaşırıq. Bizim salamımız və əhvaltutma metodumuz eynidi: “Söhbətləşdi” sözü artıq hər şeyin qaydasında olduğunu təsdiq edir. Bunu kənardan çox adam başa düşmür. Ancaq məsələnin nədən getdiyini ikimiz də yaxşı bilirik. Əmralı müəllim ingilis dili üzrə peşəkar mütəxəssisdir. ADU-nun Xarici dillərin tədisi metodikası kafedrasının müdiridir. Ancaq qətiyyən “müdir” havasında olmayıb. Onun havası “dərviş” havasıdı. O sufi kimi düşünür. Sözə və ədəbiyyata olan həssas yanaşması onun spesifik xüsusiyyətlərindən biridir. Hiss olunur ki, ədəbiyyat onun canındadır, ruhunda sözün sirri var, müdrikliyin sehri var. Əmralı müəllim həm də fərqli adamdı. Pafoslu çıxışlardan uzaq, təbii görüntüsü olan bir adamdı. Onun elə ən böyük fərqliliyi də budur. Təbii, olduğu kimi...

“Söhbətləşdi” ifadəsini bu qədər yaddaqalan və pozitiv kökdə təlqin edən Əmralı müəllim bu yazını oxuyanda nə düşünəcək bilmirəm. Ancaq onu bilirəm ki, onun düşüncə və fikir müstəvisində hər zaman “söhbətləşdi” məqamının öz yeri olacaq...

Tural Cəfərli