XƏBƏRLƏR

Avstriyanın Azərbaycandakı səfiri ADU-nun qonağı olub

30 sentyabr, 2022

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqla görüşüb. Diplomatı rəhbərlik etdiyi ali təhsil ocağında  görməkdən məmnun olduğunu deyən rektor, ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Qeyd olunub ki, ADU-da alman dili və mədəniyyətinə böyük maraq var, tələbələr alman dilini həvəslə öyrənirlər. Universitetdə Avstriya Mərkəzi və Avstriya kitabxanası uğurla fəaliyyət göstərir.

Akademik Kamal Abdulla Tomas Şuller-Qötzburqu tələbələrə mühazirə oxumaq üçün “Səfir saatı” layihəsinə dəvət edib. Görüşdə eyni zamanda Avstriya universitetlərindən birində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması haqqında müzakirələr aparılıb.

Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri universitet tələbələrinin alman dilinə olan marağını yüksək dəyərləndirib, ADU rəhbərliyinə bu dilə olan diqqətinə görə təşəkkürünü bildirib. Tomas Şuller-Qötzburq Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin Avstriya universitetlərindən birində fəaliyyətə başlaması ilə bağlı təklifi yüksək dəyərləndirib və bununla bağlı müvafiq qurumlarla danışıqların aparılacağını nəzərə çatdırıb.

Daha sonra səfir ADU-nun Avstriya Mərkəzi və Avstriya kitabxanası ilə tanış olub.