27 sentyabr - Zəfərə gedən yolun başlanğıcı
1988-ci ildən başlayan Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi sonralar silahlı müharibə müstəvisinə keçdi. 1992-ci ildən xarici havadarlarının dəstəyi ilə, o dövr üçün müasir hesab olunan silahlarla silahlanan erməni quldurları hissə-hissə ərazilərimizi işğal etməyə başladılar.
Milli ordusu olmayan Azərbaycan dövləti çıxılmaz duruma düşmüşdü. Daxildə baş verən siyasi olaylar, idarəçilikdəki naşılıq sanki ermənilərə əlavə üstünlük vermiş olurdu. Fürsətdən ustifadə etməyi məharətlə bacaran ermənilər 1992-1994-cü illər arasında Azərbaycan ərazisinin 20 faizini işğal etdi. Hərbi və siyasi gücü tükənmiş Azərbaycan dövləti nəfəsini dərərək toparlanmalı və mövcud çatışmazlıqları aradan qaldırıb erməni işğalı altında olan əraziləri azad etməli idi. Bunun üçün isə ölkədə sabitliyə böyük ehtiyac vardı.
Xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlmiş Ümummilli lider Heydər Əliyevin qarşısında mühüm və vacib məsələlər dayanmışdı. O, parçalanmaq təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanın daxilində sabitlik yaratmalı, iqtisadi, siyasi, uslahatlar həyata keçirməli və hərbi quruculuğun tempini günün tələbləri səviyyəsinə qaldırmalıydı.
1996-cı ildən etibarən Ümummilli lider Heydər Əliyev Azərbaycanda iqtisadi islahatlara başladı. İqtisadi stabillik hərbi qüdrətimizin inkişafına zəmin yaratmış oldu.
1994-cü ilin may ayının 12-dən etibarən əldə olunmuş atəşkəs rejimi tərəflərin verdiyi sözə əməl edib-etməməsi məsələsini bir daha gündəmə gətirdi. Dünya gördü ki, erməni siyasi liderləri imzalarına hörmət etməyi o qədər də bacarmırlar. Mütəmadi olaraq sərhəd bölgələrimizi iri çaplı silahlardan atəşə tutmaqla dinc mülki insanların ölümünə səbəb olurdular...
2016-cı ilin 2-4 aprel olayları zamanı da qeyri-qanuni erməni silahlı birləşmələri ərazilərimizə soxularaq işğalçılıq coğrafiyasını daha da genişləndirməyi düşünmüşdülər. Ancaq qarşılarında 1992-1994-cü illərdəki əli yalın, başı pozuq silahlı dəstələr deyil, müasir silahlarla tam təchiz edilmiş, vahid komandanlıq altında idarə olunan güclü Azərbaycan Ordusu dayanmışdı. Düşmən gözləmədiyi cavabı alarkən şsşqınlıq içərisində ağalarına yalvararaq kömək istədi və atəşkəsə getməyə məcbur oldu...
Düşmən ilk dəfə olaraq 2016-cı ilin aprel ayında mənən və ruhən sındı. Amma yenə də cinayət əməlindən əl çəkmədi. 2020-ci ilin iyul ayına kimi mütəmadi olaraq atəşkəs rejimini pozan erməni quldurları bizə seçim imkanı buraxmadı. Azərbaycan Dövlət Sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alındı.
Ordumuzun böyük zəfərə doğru irəliləməsi 2016-cı il şanlı aprel döyüşlərindən, 2018-ci il Naxçıvanda uğurlu Cünnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçdi. Xüsusilə atəşkəsin imzalanmasından 22 il sonra başlanan aprel döyüşlərində Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatı nəticəsində Ermənistan hərbi birləşmələrinə ağır zərbələr vuraraq məğlubiyyətə uğratdı.
Tovuz döyüşlərində ordumuzun əsgər və zabitləri qəhrəmanlıq nümunələri göstərərək, erməni işğalçılarını törətdikləri təxribatların qarşısını qətiyyətlə aldılar...
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.
Müharibənin birinci günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutduğunu, nəticədə mülki əhali və hərbçiıərimiz arasında itkilərin, yaralananların olduğunu bəyan etdi.
Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmamlıq göstərən Azərbaycan əsgəri vş onun cəsur komandiri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silahlı Qüvvələrimiz “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi. Nəticə etibarilə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı. 44 gün davam edən əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük Zəfərə imza atdı...
İkinci ildir ki, sentyabrın 27-si Azərbaycanda Anım günü kimi qeyd edilir. Cənab Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən qeyd edilən “27 sentyabr Anım günü” 44 günlük Vətən müharibəsində igidliklə döyüşmüş, ölkəmizin işğala məruz qalmış ərzilərinin azad edilməsi yolunda Şəhid olmuş əsgər və zabitlərimizə dərin ehtiramın ifadəsidir.
İradə Sərdarova
Azərbaycan Dillər Universitetinin dosenti