XƏBƏRLƏR

ADU-da birinci kurs tələbələri ilə görüş keçirilib

15 sentyabr, 2022

Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib.

Əvvəlcə erməni təxribatı nəticəsində şəhid olmuş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla  ölkəmizin haqq savaşından danışıb:

“Bilirsiniz ki, sülh içində yaşamaq istəyən xalqımız bugünlərdə erməni həyasızlığı, erməni təxribatı ilə növbəti dəfə sınağa çəkilir.  Hazırda Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı rəşadətlə qoruyur. Şəhidlərimiz var. Allah onlara rəhmət eləsin! Onlar bizim qəlbimizdə həmişə yaşayacaqlar”.

Rektor tələbə adını qazanan gənclərə təbriklərini çatdırıb, onlara tədris prosesi, ali təhsil ocağındakı kafedralar, universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri, elmi-tədqiqat laboratoriyaları, kitabxana barədə məlumat verib.  44 günlük Vətən müharibəsi zamanı ADU-nun dil və mədəniyyət mərkəzlərinin əməkdaşlarının və tələbələrin fəaliyyətindən söz açıb:

“Universitetdə 20-dən artıq dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə professorlar, dosentlər, dilləri dərindən tədqiq edən müəllimlərimiz çalışır. Həmin müəllimlər və onların tələbələri 44 günlük Vətən müharibəsi dövründə informasiya  müharibəsində fəal iştirak ediblər. Onlar erməni saxtakarlığını ifşa etmək, bu saxtakarlığın qarşısını almaq məqsədi ilə müharibə həqiqətləri haqqında müxtəlif dillərdə xarici ölkələrə dörd mindən çox məktub göndəriblər”.

Rektor həmçinin universitetdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar Təşkilatının, digər klub və mərkəzlərin fəaliyyətindən danışıb, dərsdən kənar bu  fəaliyyət sahələrinin həm tələbələrin dünyagörüşünün artmasında, həm də universitetin ictimai həyatında aktivlik baxımından  onlara  daha faydalı olacağını qeyd edib.

ADU-nun Elmi işlər üzrə prorektoru professor Novruz Məmmədov, Tədris işləri üzrə prorektoru professor Sevinc Zeynalova, Beynəlxalq əlaqələr üzrə prorektoru professor Jalə Qəribova tələbələri təbrik edib, elmi-pedaqoji fəaliyyət haqqında fikirlərini bölüşüblər.

Görüş tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.