XƏBƏRLƏR

ADU-nun professoru Azad Məmmədovun redaktorluğu ilə İngiltərədə kitab çap olunub

05 sentyabr, 2022

ADU-nun professoru Azad Məmmədov və Polşalı professor Barbara Levandovska-Tomaşekin həmredaktorluğu ilə Böyük Britaniyanın Cambridge Scholars Publishing nəşriyyatı “Ənənəvi və yeni media diskurs təhlili” adlı məqalələr toplusu nəşr edib. Topluda Azərbaycan, Gürcüstan, Macarıstan və Şimali Makedoniyadan olan tədqiqatçıların da məqalələrinə yer ayrılıb. Kitabda media diskursu həm linqvistik, həm də media və kommunikasiya tədqiqatları baxımından araşdırılır. Media diskurs son onilliklərdə humanitar və sosial elmlərin bir sıra sahələrinin diqqətini cəlb edib. Bu diskurs tipi və onun janrlarında istifadə olunan dilin spesifik xüsusiyyətləri, eləcə də media fenomeninin cəmiyyətdə rolu media diskurs təhlilini diqqətdə saxlayan amillərdəndir.

Son dövlərdə yeni medianın sürətli inkişafı media diskurs tədqiqatçılarında da maraq oyadıb. Bu mənada kitab həm ənənəvi media, həm də yeni media diskurslarının indiyə qədər hələ tədqiq olunmamış aspektlərini üzə çıxarmağa kömək edə bilər.
 
Topluda həmçinin Azərbaycan Dillər Universitetinin müəllimləri - filologiya üzrə fəlsəfə doktorları Aytən Rzayeva, Nigar Mədətova, Ramilə Hüseynova, eləcə də baş müəllim Cəmilə Rəsulovanın məqalələri çap olunub.