XƏBƏRLƏR

ADU professorunun məqaləsi Moskvada dərc olunub

15 iyul, 2022

Azərbaycan Dillər Universitetinin (ADU) Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının professoru Mehriban Abbasovanın “Qarabağ qədim Azərbaycan torpağıdır” adlı elmi məqaləsi Moskvada dərc olunan “Вопросы истории” jurnalında nəşr edilib. 

Məqalədə Qafqaz Albaniyası (e.ə. IV əsr - 705-ci il) dövründən başlayaraq Qarabağ torpaqları ətrafında baş verən tarixi hadisələr xronoloji ardıcıllıqla işıqlandırılır. Burada vurğulanır ki, istər ərəblərin işğalı dövründə, istər sonrakı Səlcuq imperiyası və monqol işğalları dövründə (XII – XIV əsrlər) nəinki Qarabağda, ümumiyyətlə, bütün Cənubi Qafqaz ərazisində heç bir erməni qurumu yox idi. Bütün Azərbaycan torpaqları kimi Qarabağ da Qaraqoyunlu (Baharlı), Ağqoyunlu (Bayanduri) və Səfəvi feodal dövlətlərinin tərkibində olub. Qarabağ xanlığının tarixinə (1742-1822-ci illər) xüsusi yer ayrılan məqalədə göstərilir ki, 1805-ci ildə Qarabağ torpaqları Kürəkçay müqaviləsinin şərtlərinə əsasən Çar Rusiyasının tərkibinə müsəlman vilayəti kimi birləşdirildi və bu fakt bir daha sübut edir ki, erməni millətçilərinin ərazi iddiaları saxtadır.  

Qeyd edək ki, professor Mehriban Abbasova 80-dən artıq elmi məqalənin, üç dərsliyin, iki monoqrafiyanın müəllifidir. O, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstanda keçirilən elmi konfranslarda iştirak edib.