XƏBƏRLƏR

ADU-da ""Şi-Tszin": Çin xalqının poetik abidəsi" seminarı keçirilib

12 iyul, 2022

“Çin: cəmiyyət və mədəniyyət” adlı onlayn yay lektoriyası çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Şi-Tszin”: Çin xalqının poetik abidəsi» mövzusunda mühazirə oxuyub. R.Abbasov qeyd edib ki, “Şi-Tszin” (Mahnılar Kitabı) traktatı dünyada ilk şeir toplularından biri, adət-ənənələr və ayinlər ensiklopediyası və qədim Çinin nadir tarixi salnaməsidir. Erkən Çin poeziyasının bədii sənətkarlıq abidəsi olan bu klassik kanonun fəlsəfi-etik və poetik-musiqi irsi milli sərvət və çinlilərin etnik kimliyinin əsasını təşkil edir.

R.Abbasov onu da qeyd edib ki, “Şi-Tszin”ə XI-VI əsrlər e.ə.  dövründə yaradılan 3000 şeirdən Konfutsi tərəfindən seçilmiş 305 müxtəlif janr və mövzulu poetik əsər daxildir. “Şi-Tszin”in mahnı və himnləri böyük idealları tərənnüm edir, mühüm tarixi hadisələrdən, ailə dəyərlərindən, sadə insanların həyat və emosional təcrübələrindən, ədalətli hakimiyyət qanunlarından xəbər verir. R.Abbasov “Şi-Tszin” kanonunun kompozisiya xüsusiyyətlərindən, ifadə üsullarından və bədii vasitələrindən, o cümlədən mürəkkəb qafiyə sistemlərindən, müxtəlif sayda misralardan, hiperbola, paralelliklərdən, nəqarətdən, ritorik sualdan danışıb. Əsas poetik kateqoriyalar “fu” (rəvayət), “bi” (təşbeh) və “sin” (mahnı melodiyaları) da qeyd edilib.

R.Abbasov “Şi-Tszin”in 4 hissəsinin məzmunu barədə seminar iştirakçılarına ətraflı məlumat verib. O, qeyd edib ki, “Krallıq əxlaqı”nın birinci hissəsinə Çinin 15 qədim knyazlığının xalq lirik şeirləri, Çin xalqının orijinal məhəbbət, əmək, ritual və hərbi nəğmələri daxil edilib. İkinci və üçüncü hissələrə - “Kiçik qəsidələr” və “Böyük qəsidələr” əsasən saray şairlərinin real tarixi-siyasi keçmişi olan, qədim hökmdarların, sərkərdələrin və qəhrəmanların şücaət və əməllərini tərənnüm edən əsərlərini əhatə edir. “Şi-Tszin”in dördüncü hissəsi “Himnlər”dən – qədim Çin dövrünün ruhlarının, əcdadlarının və müdrik padşahlarının, xüsusən Çjou sülaləsinin banisi Ven Vanın şərəfinə təntənəli və tərifli məbəd tərənnümləri və kult ilahilərdən ibarətdir.