XƏBƏRLƏR

ADU-da Alman dili B1 səviyyəsi üzrə beynəlxalq imtahanlar keçirilib

05 iyul, 2022

Azərbaycan Dillər Universiteti və Macarıstanın Peç universiteti arasında  bağlanmış müqaviləyə əsasən 10-11 iyun tarixlərində ECL İmtahan Mərkəzində Alman dili B1 səviyyəsi üzrə beynəlxalq imtahanlar  keçirilib. İmtahanlar Azərbaycan Dillər Universitetinin bazasında Təhsil 2 fakültəsi nəzdində, Xarici dillər kafedrası müdiri, filologiya elmləri namizədi dosent Aida Sobor və Beynəlxalq Münasibətlər fakültəsi nəzdində Xarici dillər kafedrasının dosenti Qönçə Abdulrəhimova tərəfindən koordinasiya edilib. 

İmtahanlarda ümumilikdə Azərbaycandan olan 23 nəfər namizəd iştirak edib.

İmtahanın gedişatını izləmək üçün ADU-nun  Beynəlxalq Əlaqələr üzrə prorektoru, dilçilik üzrə fəlsəfə doktoru, dosent  Jalə Qəribova və ADU-nun  Tədris məsələləri üzrə prorektoru, Filologiya elmləri doktoru, professor Sevinc Zeynalova eyni zamanda, Macarıstanın Budapeşt şəhərindən ezam olunmuş, Peç Universitetinin və ECL imtahan mərkəzinin nümayəndəsi beynəlxalq tyutor Veronika Bereczki iştirak edib.

Qeyd edək ki, nəticələr elan olunduqdan sonra imtahandan uğurla keçən namizədlər Beynəlxalq sertifikatlarla təltif olunacaqlar. Bu sertifikatlar hər hansı bir beynəlxalq təhsil proqramlarında, işdə və miqrasiya zamanı lazım olan dil bacarıqlarının səviyyəsini təsdiq edən sənəd kimi Avropa Birliyində rəsmən tanınmaqdadır.