XƏBƏRLƏR

“Azərbaycan Rektorlar Konfransının yaradılması layihəsi” çərçivəsində növbəti görüş

05 iyul, 2022

Bakı Biznes Universitetinin koordinatorluğu ilə icra edilən “Azərbaycan Rektorlar Konfransının yaradılması layihəsi çərçivəsində növbəti toplantı Polşa Respublikasının Təhsil və Elm Nazirliyində baş tutub. Polşanın Təhsil və Elm Nazirinin müavini cənab Tomasz Rzymkowski, Azərbaycanın Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova və Polşa Rektorlar Konfransının nümayəndələri layihə konsorsiumunun üzvləri ilə görüşüblər.

Görüşün əsas məqsədi Azərbaycan-Polşa arasında tədris və tədqiqat üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə mübadilə imkanlarının artırılması, ortaq layihələrin həyata keçirilməsi olub.

Toplantıda Nazir müavini cənab Tomasz Rzymkowski çıxış edərək qonaqları salamlayaraq iki dövlət arasında sıx əlaqələrin mövcud olduğunu və uğurla davam etdiyini vurğulayıb. Nazir müavini yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsindən, yeni layihələrin birgə icrasından məmnun olduqlarını və yüksək dəstək verdiklərini ifadə edib.

Daha sonra Azərbaycanın Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova Polşada təhsil sahəsində görülən işlərdən və nəzərdə tutulan fəaliyyətlərdən geniş söz açıb.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri Nicat Məmmədli layihə çərçivəsində Polşa ilə əməkdaşlığın daha da genişləndiyini və layihədə Polşa təcrübəsinin faydalı olacağını bildirib.

Yekunda layihənin koordinatoru Gülşən Bayramova layihənin uğurla həyata keçirilməsində və təcrübələrin öyrənilməsində Polşa Rektorlar Konfransının verdiyi  töfhələrdən və Polşa universitetləri ilə müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi üzrə aparılan işlərdən bəhs edib.