Azərbaycan Dillər Universitetində Çində ali təhsil mövzusunda seminar keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Çində təhsilin xüsusiyyətləri və ali təhsil sistemi” mövzusunda seminar keçirilib.
Seminarda Pekin Beynəlxalq Biznes və İqtisadiyyat Universitetinin magistri, Çinin Renmin Universitetinin doktorantı Katana Qafarova Çində müasir ali təhsil sistemi, qəbul tələbləri və Çinin ali məktəblərinə sənəd qəbulu prosesi, xarici tələbələr üçün təqaüd və qrant növləri, o cümlədən Çin hökuməti qrantları haqqında danışıb.
K.Qafarova qeyd edib ki, dünyanın 300 ən yaxşı universitetinin reytinqinə daxil olan Çin universitetlərinin bir neçəsi beynəlxalq təhsil standartlarına malikdir, bu təhsil ocaqlarının laboratoriyaları və kitabxanaları olduqca yüksək səviyyədə təchiz olunub, onlar elmi nəşrlərinin sayına görə dünya liderləridir, həmçinin beynəlxalq mübadilələrin və elmi əməkdaşlığın inkişafında fəal iştirak edirlər.
O, Çin universitetlərində hər bir əcnəbi tələbə üçün təhsil prosesinin tərkib hissəsi olan Çin dili kurslarının da mövcudluğundan danışıb. Həmçinin Çinin ən nüfuzlu Renmin Universitetində təhsil almaqla bağlı şəxsi təcrübəsini bölüşərək, ölkənin qədim mədəniyyəti ilə tanış olmaqla yanaşı, Çində praktiki iş bacarıqları əldə etmək imkanlarından, o cümlədən standartlaşdırılmış Çin ixtisas imtahanından keçmək təcrübəsindən danışıb.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov son illər Çin universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayının xeyli artdığını, təqaüd proqramlarının mübadiləsinin genişləndiyini, Azərbaycan və Çin Təhsil Nazirlikləri ilə bir sıra əməkdaşlıq müqavilələrinin imzalandığını qeyd edib.
R. Abbasov 2015-ci ildə Çin Xalq Respublikasında dövlət səfərində olan zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomunun təqdim edilməsi mərasimini də xatırladıb. Prezident İlham Əliyev Azərbaycanın Çin universitetləri ilə təhsil mübadiləsi və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, iki ölkə gəncləri arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə töhfə verildiyini və istedadlı tələbələri dünyanın görkəmli universitetlərində, o cümlədən Renmin Universitetində təhsil almağa təşviq etdiyini vurğulayıb.