XƏBƏRLƏR

Frankofoniya Universitet Agentliyinin regional direktoru ADU-nun qonağı olub

29 iyun, 2022

Frankofoniya Universitet Agentliyinin (AUF) regional direktoru Mohammed Ketata Azərbaycan Dillər Universitetin (ADU) qonağı olub.  

ADU-nun elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov Mohammed Ketatanı universitetdə görməkdən məmnun olduğunu deyib.

Görüş zamanı ADU və Frankofoniya Universitet Agentliyinin əlaqələrinin gücləndirilməsi, gələcəkdə tələbə və müəllimlər üçün nəzərdə tutulmuş müxtəlif layihələrin həyata keçirilməsi haqqında geniş müzakirələr aparılıb.

Daha sonra Mohamed Ketata ADU-da 2017-ci ildən bəri yaradılan Frankofoniya Mərkəzinin (CRU) qonağı olub. Mərkəzin təşəbbüsü ilə keçirilən tədbirlərin video-təqdimat şəklində kiçik hesabatı nümayiş olunub. Həmçinin Frankofoniya Universitet Agentliyinin tərtib etdiyi proqramlarda iştirak edən ADU-nun tələbələrinin hazırladıqları video-hesabat qonağın nəzərinə çatdırılıb. 

Təqdimatdan sonra Mohamed Ketata Mərkəzin əməkdaşları ilə görüşüb, illik fəaliyyətlərini yüksək qiymətləndirib, yeni layihələr haqqında ətraflı məlumatlar verib. Görüşdə Frankofoniya Mərkəzinin məsul işçisi, filologiya üzrə fəlsəfə doktoru Şahismayıl Süleymanov, Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov, Mərkəzin baş mütəxəssisi Cəmilə Xaspoladova, Azərbaycan-Fransız universitetinin icraçı direktoru, dosent Vazeh Əsgərov, Azərbaycan Dillər Universitetinin Fransız dilinin leksikologiyası kafedrasının müdiri, filologiya elmləri doktoru Gülnarə Sadıqova və Fonetika və qrammatika kafedrasının müdiri, professor Ülfət İbrahimov iştirak edib.