XƏBƏRLƏR

ADU əməkdaşlarının ECAR adlı Erasmus+ layihəsi çərçivəsində Polşa səfəri

29 iyun, 2022

27 iyun tarixindən “Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Polşa Respublikasına bir həftəlik səfər başlayıb. İşgüzar səfərin ilk görüşü Varşava İqtisadiyyat Məktəbində baş tutub. İclasda Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri, layihə konsorsiumunun üzvü olan Azərbaycan Universitetlərinin rektorları və digər səlahiyyətləri nümayəndələri, eləcə də Magna Charta Müşahidə Şurasının, Macarıstan Rektorlar Konfransının nümayəndələri iştirak ediblər.  

Tədbiri giriş sözü ilə açan Varşava İqtisadiyyat Məktəbinin rektoru Piotr Vaçoviak çıxış edərək qonaqları salamlayıb və universitet haqqında geniş təqdimatla çıxış edib. Daha sonra rektor Polşa Rektorlar Konfransına üzv olmağın universitet üçün faydalarından və prezidenti  olduğu Varşava Ali Təhsil Müəssisələrinin Rektorlar Konfransı barəsində danışıb. Polşa Rektorlar Konfransının prezidenti cənab Arkadiusz Mezyk isə Konfrans adından Azərbaycan nümayəndə heyətini salamlayıb və əməkdaşlıqdan məmnunluq duyduqlarını ifadə edib. O, Konfransın yaradılması ilə bağlı vacib məqamlara toxunub. Belə ki, Konfransın tarixi, hüquqi forması, statusu, daxili idarəetməsi, əsas fəaliyyət istiqamətləri, qərarvermə prosesi, daimi heyəti,  o cümlədən Konfransın katibliyinin vəzifələri haqqında toplantı iştirakçılarına ətraflı məlumat verib.  

Daha sonra Almaniya Rektorlar Konfransının Mərkəzi və Şərqi Avropa, Şərqi Asiya departamentinin rəhbəri Rudolf Smolarczyk Rektorlar Konfransının ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığının genişləndirilməsi, eləcə də ölkədə universitetlərin koordinasiyalı fəaliyyət göstərməsi baxımından vacib olduğunu vurğulayıb. O, Almaniya Rektorlar Konfransının əsas məqsədləri, üzvlərinin tərkibi, strukturu, idarəedilməsi haqqında məlumat verib. Cənab Rudolf, həmçinin Polşa və Alman Rektorlar  Konfransının təhsil siyasəti və müxtəlif inkişaf istiqamətlərinin müzakirəsi üzrə müntəzəm şəkildə əməkdaşlıq etdiklərini vurğuladı. Yekunda toplantı iştirakçıları və Rektorlar Konfranslarının nümayənədləri arasında suallar əsasında faydalı müzakirələr aparıldı.

Səfərdə ADU-nu Elm və  innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov və Mərkəzlərlə iş bölməsinin müdiri Anar Rəhimov təmsil edir.