ADU-da Rumıniya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib
ADU-da Rumıniya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dillər Universitetində Rumıniya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirin birinci yarısında tarix üzrə fəlsəfə doktoru Jalə İsmayılın əvvəlcə rumın dilində yazdığı, daha sonra isə Azərbaycan dilinə tərcümə etdiyi “Azərbaycan – Rumıniya mədəni əlaqələri” adlı kitabının təqdimatı keçirilib.
Jalə xanım kitabın hazırlanma prosesi haqqında ətraflı məlumat verərək, Azərbaycanla Rumıniya arasında əsas əlaqələrin II Dünya müharibəsi dövründə başladığını bildirib. Bu iki ölkənin mədəni istiqamətdə bir-birindən çox fərqli olduğunu qeyd edən J. İsmayıl mədəni əlaqələrin inkişaf etdirilməsinə ehtiyac olduğunu vurğulayıb.
O, mədəni əlaqələrin formalaşdırılması təşəbbüsü Rumıniya tərəfindən gəldiyini, bu əlaqələrin inkişaf etdirilməsi üçün ciddi addımların isə Azərbaycan tərəfindən atıldığını bildirib. Tədqiqatçının xüsusi diqqət ayırdığı məsələlərdən biri Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Rumıniyada yaşaması, Buxarestdə Türkiyənin Rumıniyadaki səfiri Hamdullah Süphi Tanrıöverin qonağı olması və burada Nizami Gəncəviyə həsr etdiyi – “Azərbaycan şairi Nizami” əsərini tamamlaması olub.
SSRİ-nin dağılması və Rumıniyada kommunist rejiminin çökməsi ilə iki ölkə arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu bildirən tədqiqatçı bu sahədə önəmli addımlar atıldığını qeyd edib. Bu addımlar arasında akademik Kamal Abdullanın “Sehrbazlar dərəsi” kitabının rumın dilinə tərcümə olunmasının önəmli yeri olduğunu və son illərdə rumın dilinə tərcümə olunmuş əsas kitablardan biri olduğunu vurğulayıb.
Tədbirin ikinci yarısında Rumıniyanın Alexandru İoan Cuza universitetinin müəllimi Adrian-Bogdan Ceobanunun başçılığı ilə I Dünya müharibəsindən əvvəl Rumıniyanın diplomatik əlaqələri mövzusunda təqdimat nümayiş etdirilib.
Təqdimat zamanı Adrian-Bogdan Ceobanu Rumıniyanın diplomatik əlaqələrinin yaranması, diplomatik nümayəndəliklərin qurulması, diplomatların seçilməsi ilə bağlı ətraflı məlumat verib.