XƏBƏRLƏR

ADU-da “Linqvokulturologiyanın müasir problemləri-reallıqlar, perspektivlər” adlı beynəlxalq konfrans təşkil olunub

17 iyun, 2022

İyunun 17-də Azərbaycan Dillər Universitetində “Linqvokulturologiyanın müasir problemləri-reallıqlar, perspektivlər” adlı beynəlxalq elmi konfransın plenar iclası keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

ADU-nun rektoru, akademik Kamal Abdulla konfrans iştirakçılarını salamlayıb, konfransın təşkilatçılarına öz minnətdarlığını bildirib:

“Bu gün keçirilən konfransın elmi əhəmiyyəti hər kəsə məlumdur. Hər bir xalqın dilini, adət-ənənəsini, tarixini öyrənmək üçün məhz linqvokulturoloji məsələlərə diqqət etmək önəmlidir. Məhz bu konfransda dünyanın bir sıra ölkələrindən olan alim və professorlar öz məruzələri ilə çıxış edəcək. Bu çıxışların hər biri elmi-tədqiqat baxımından xüsusi əhəmiyyət kəsb edir. Konfransda gənclərin də aktiv rol alması qeyd olunmalıdır. Ümid edirəm ki, konfrans öz işini uğurla yerinə yetirəcək, gənc alimlər bu konfrans vasitəsi ilə  mühüm təcrübə  əldə edəcəklər.”

Qeyd olunub ki, konfransda Rusiya, Ukrayna, Rumıniya, Serbiya, Polşa, Türkiyə, Səudiyyə Ərəbistanı, Gürcüstan, Özbəkistan və Qazaxıstandan alimlər iştirak edir. 

ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov konfransla bağlı fikirlərini bölüşüb. Qeyd olunub ki, konfransda həm yerli, həm də xarici universitetlərin alim və professorları iştirak edir. Bu da elmi mübadilələrin aparılması baxımından əlverişli imkanların olması deməkdir.

Bildirilib ki, konfrans elmlərarası inteqrasiya linqvokulturoloji anlamda, xarici dillərin tədrisinin linqvokulturoloji aspektləri, qloballaşma şəraitində linqvokulturologiyanın aktual məsələləri, mədəniyyətlərarası ünsiyyət və tərcümənin linqvokulturoloji problemləri və s. mövzuları əhatə edir.

Konfransda Moskva Dövlət Pedaqoji Universitetinin prorektoru və Samara Milli Universitetinin Federasiya Şurasının professoru Elçin Həşimov “Çoxmədəniyyətli məkanda mədəniyyətin kommunikativ potensialı: mədəniyyətlərin dialoqu”, İctimai Elmlər Universitetinin professoru Iga Mariya Lehman “Qayıdış konsepti vasitəsi ilə akademik yazıda ünsiyyətin səmərəliliyinin artırılması”, Azərbaycan Dillər Universitetinin  Rumın  Dili və Mədəniyyəti mərkəzinin direktoru Josefina Blazsani-Batto “Mədəni irsin mənimsənilməsi vasitəsilə dilin öyrənilməsi”, Belqrad Universitetinin və Birləşmiş Millətlər Sülh Universitetinin Avropa Sülh və İnkişaf mərkəzinin professoru Ljiljana Markovic  “Yapon dilinin tədrisinin sosial-mədəni aspektləri” mövzusunda çıxış ediblər.

Konfrans bölmə iclasları ilə davam edib.