XƏBƏRLƏR

ADU-da “Critical Language Scholarship (CLS) ” proqramının açılış mərasimi keçirilib

17 iyun, 2022

İyunun 17- də Azərbaycan Dillər Universitetində (ADU) Amerika Şurası və ABŞ Dövlət Departamentinin birgə layihəsi olan Critical Language Scholarship (CLS)  İngilis dili Proqramının açılış mərasimi keçirilib.

Tədbirdə universitetin  Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Jalə Qəribova,  proqramın ADU üzrə koordinatoru Ramiqə Şirəliyeva,  proqramda iştirak edən tələbələr və onlara  Azərbaycan dilini öyrədən müəllimlər iştirak ediblər.

Qeyd olunan proqramın 8 amerikalı tələbənin 8 həftə müddətində Azərbaycanın dilini və mədəniyyətini öyrənməsi üçün nəzərdə tutulduğunu deyən  J.Qəribova bildirib ki,  amerikalı tələbələr Azərbaycan xalqının mədəniyyəti, tarixi ilə daha yaxından tanış olacaq, Bakının və regionların müxtəlif tarixi abidələrini ziyarət edəcəklər.

“Yay məktəbi” proqramı ADU üzrə koordinatoru Ramiqə Şirəliyeva xarici tələbələrə slayd vasitəsi ilə öncə tələbələri dərs və gəzinti proqramları ilə tanış edib,  sonra ADU haqqında ümumi məlumat verib. O, proqramın 12 avqust tarixinədək davam edəcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan Dillər Universiteti amerikalı tələbələr üçün yay Azərbaycan dili məktəbinə ev sahibliyi etmək üçün ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq edir.

Bu, səkkiz həftəlik dövrü əhatə edən, həm qeyri-rəsmi, həm də formal şəraitdə dil tədrisini təmin edən ayrıca dil və mədəniyyət proqramıdır.

Formal təlimə qrammatika, lüğət və tələffüz, həmçinin dörd bacarıq daxildir: danışma, dinləmə, oxuma və yazma.