XƏBƏRLƏR

Milli Qurtuluş Gününə həsr olunmuş “Ulu öndərin görmək istədiyi Azərbaycan” adlı tədbir keçirilib

15 iyun, 2022

Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş “Ulu öndərin görmək istədiyi Azərbaycan” adlı tədbir keçirilib.

Tədbirdə ADU-nun rektoru, prorektorlar, kafedra müdirləri, müəllimlər və tələbələr iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. 

Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyinə qızıl hərflərlə yazıldığını, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olduğundan bəhs edib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova “Qurtuluşdan doğan Zəfər” mövzusunda çıxış edərək 29 illik bir dövrü əhatə edən Milli Qurtuluşdan Zəfərə doğru addımlayan xalqımızın bu yolu şərəflə keçdiyini qeyd edib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının əməkdaşı Aygün Həsənova “Milli birliyin təminatçısı” adlı məruzəsində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizi bürüyən böhrana son qoyması, xilaskar qismində öz dövlətinə və millətinə sahib çıxması haqqında çıxış edib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov 1969-1982-ci illərdə Heydər Əliyevin gördüyü böyük işlər, sonrakı dönəmdə Azərbaycanın mənafeyini daim müdafiə etməklə yanaşı, dünya səviyyəsində tanınmış bir siyasi xadim olması və Naxçıvanı xilas etməsi (1991-1993) xalqın ümidlərinin ona yönəlməsini şərtləndirdiyini bildirib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri, dosent Xatirə Hacıyeva Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ordu quruculuğuna xüsusi diqqət yetirməsi və Horadiz əmiliyyatının uğurla nəticələnməsi, Şuşa bəyannaməsinin də məhz bu tarixdə imzalanması haqda çıxış edib.

ADU-nun rektoru, akademik Kamal Abdulla çıxışında Ulu öndərin Azərbaycana, böyük siyasətə dönüşünü xalqın bəxtinə düşən son dərəcə işıqlı məqamlardan biri olduğunu vurğulayıb: “Heydər Əliyevin hakimiyyətə gəlişi insanların ürəyinə sərinlədici bir meh gətirdi, siyasətimizə, Azərbaycan dövlətçiliyinə əmin-amanlıq, arxayınçılıq gətirdi. Bu gün biz Ulu öndərin ən böyük qayıdışını İlham Əliyevin timsalında görürük. İlham Əliyev Ulu öndərin möhtəşəm qayıdışıdır və biz bunun qədrini bilməliyik”.