XƏBƏRLƏR

ADU-nun nümayəndə heyəti Pakistan Xarici İşlər Nazirliyində tədbir və fotosərgidə iştirak ediblər

13 iyun, 2022

Azərbaycan Respublikasının Pakistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü ilə bağlı Pakistan Xarici İşlər Nazirliyində (XİN) tədbir və fotosərgi keçirib.   

Sərgidə ADU-nun Pakistanda səfərdə olan nümayəndə heyəti – Elmi işlər üzrə prorektor, professor Novruz Məmmədov, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, millət vəkili Tamam Cəfərova və xarici mərkəzlərlə iş bölməsinin müdiri Anar Rəhimov iştirak ediblər. Tədbirdə iştirak edənlər vurğulayıblar ki, sərgi gələcəkdə iki ölkə arasında elm və təhsil sahəsindəki əməkdaşlığa böyük töhfə verəcək.

Tədbirdə hər iki ölkənin dövlət himnlərinin səslənməsindən sonra Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov və Pakistan xarici işlər nazirinin müavini Sohail Mahmud çıxış ediblər.

Səfir Xəzər Fərhadov iyunun 9-da ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu bildirib və bu münasibətlə öz təbriklərini çatdırıb. Azərbaycan-Pakistan əlaqələrinin ötən illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə çatdığını ifadə edən səfir əlaqələrin bu səviyyəyə çatmasında hər iki ölkə rəhbərlərinin rolunu xüsusi vurğulayıb. Səfir qarşılıqlı həyata keçirilmiş yüksək səviyyəli səfərləri və bu səfərlərin iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsinə verdiyi töhfələri diqqətə çatdırıb. X.Fərhadov Pakistan Hökuməti, Parlamenti və xalqı tərəfindən istər keçmiş Dağlıq Qarabağ münaqişəsi istərsə də Vətən müharibəsi dövründə Azərbaycana göstərilmiş siyasi və mənəvi dəstəyi xüsusi qeyd edib və bu dəstəyə görə Pakistan Hökumətinə, parlamentinə və xalqına təşəkkürünü çatdırıb. Azərbaycan-Pakistan münasibətlərinə toxunan səfir Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti, Komissiyanın tərkibində yaradılmış 10-a yaxın işçi qrupunu, həmçinin Karaçi, Lahor və İslamabaddan Bakı şəhərinə başlamış birbaşa uçuşlarla bağlı məlumatları qonaqların diqqətinə çatdırıb. X.Fərhadov tədbirdə, həmçinin Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli xarici işlər nazirləri və parlament sədrləri formatındakı əməkdaşlıq haqqında ətraflı məlumatları da vurğulayıb.

Pakistan xarici işlər nazirinin müavini Sohail Mahmud tədbirdə çıxış edərək diplomatik münasibətlərin qurulmasından sonra Pakistan-Azərbaycan ikitərəfli əlaqələrinin möhkəm və çoxşaxəli tərəfdaşlığa çevrildiyini bildirib. Hər iki ölkənin beynəlxalq arenada bütün məsələlərdə daima bir-birini dəstəklədiyini qeyd edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələrdən də danışaraq bu layihələrin iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə töhfə verdiyini bildirib və Mehriban xanım Əliyevanın bu fəaliyyətlərinə görə Pakistanın ən ali dövlət mükafatı “Hilal-e-Pakistan” ordeni ilə təltif olunduğunu xüsusi vurğulayıb. Sohail Mahmud ikitərəfli əlaqələrimizin bütün sahələr, xüsusilə iqtisadi, ticarət və mədəniyyət sahələri üzrə daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Nazir müavini çıxışının sonunda Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar hər iki ölkə xalqını təbrik edib.

Çıxışlardan sonra Azərbaycan Respublikası və Pakistan İslam Respublikası xarici işlər nazirlərinin diplomatik münasibətlərin 30-cu ildönümü ilə bağlı göndərdikləri təbrik məktublarının mübadiləsi həyata keçirilib.

Tədbirdən sonra Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə həsr olunmuş fotosərginin açılışı olub və qonaqlar sərgi ilə tanış olublar.