Nardaran məktəbliləri ADU-nun qonağı olublar
Nardaran qəsəbəsi 295 saylı orta məktəbin şagirdləri və müəllimləri Azərbaycan Dillər Universitetinin qonağı olublar. Universitetin rektoru, akademik Kamal Abdulla qonaqları ADU-da görməkdən məmnun olduğunu deyib. Rektor bildirib ki, təhsil ocağının bir sıra orta məktəblərlə sıx əməkdaşlığı və əlaqəsi var, kollektiv bu münasibətlərin gələcəkdə daha da dərinləşməsində maraqlıdır. Rektor əlavə edib ki, universitetdə 20-dən artıq dil tədris olunur, eyni zamanda həmin ölkələrin dil və mədəniyyət mərkəzləri uğurla fəaliyyət göstərir. ADU-nun zəngin kitabxanası var, tələbələrin elektron resurslardan istifadəsi üçün əlverişli şərait mövcuddur.
Görüşdə 295 saylı orta məktəb və ADU arasında qarşılıqlı dərslərin təşkili haqqında razılığa gəlinib. Məktəb şagirdləri müxtəlif vaxtlarda ADU-da dərs keçəcək, universitetin professor-müəllim heyəti öz təcrübələrini onlarla bölüşəcəklər.
Görüşdə iştirak edən Bakı Slavyan Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev məktəb şagirdlərini rəhbərlik etdiyi ali təhsil ocağına dəvət edib, məktəb və universitet əlaqələrinin vacibliyindən danışıb. Rektor onların ali məktəblərə olan marağını yüksək qiymətləndirib, dərslərində uğurlar arzu edib.
Daha sonra şagirdlər universitetlə tanış olublar.