ADU-nun Türkiyə Araşdırmaları Mərkəzinə müdir təyin olunub
Azərbaycan Dillər Universitetinin Türkiyə Araşdırmaları Mərkəzinə müdir təyin olunub. İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, universitetin rektoru, akademik Kamal Abdullanın əmri ilə bu vəzifəyə Elçin İbrahimov təyin olunub.
Elçin Əli oğlu İbrahimov 15 mart 1985-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu Nehrəm kəndində doğulub.
2002-2006-cı illərdə BDU-nun Şərqşünaslıq fakültəsində bakalavriatura (Türk dili və ədəbiyyatı üzrə), 2006-2009-cu illərdə Qafqaz Universitetinin Filologiya fakültəsində (Türk dili və ədəbiyyatı üzrə) magistr pilləsi üzrə təhsil alıb.
2016-2021 illərdə AMEA Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının məsul katibi vəzifəsinə çalışıb. 2017-ci ildə “Türklər arasında ortaq imla və əlifba problemləri” adlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib. Bu təyinata qədər AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
2019-cu ildə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təşkil etdiyi dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi və sertifikatlaşdırılması üzrə seçim turlarında iştirak etmiş və seçim turlarını uğurla keçərək “Azərbaycan dilindən türk dilinə, Türk dilindən Azərbaycan dilinə” ictimai-siyasi sahələr üzrə tərcüməçi sertifikatı almışdır.
2016-cı ildə Türkiyə Təhsil və Elm Təşkilatları Birliyi tərəfindən “Xoca Əhməd Yəsəvi” medalı ilə təltif edilib. 2016-cı ildə səmərəli elmi fəaliyyətinə görə, AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “İlin gənc alimi” mükafatına layiq görülüb.
2019-cu ildə Almaniyada fəaliyyət göstərən “Türklərin Dünyası” beynəlxalq təşkilatı tərəfindən “Türk dünyasına xidmət” medalı ilə təltif olunub.
2022-ci ildə türkologiya və türk dünyası sahəsində apardığı araşdırmalara görə TÜRKSOY tərəfindən “Dyula Nemet-130” medalı ilə təltif olunub.
Türk Dil Qurumunun müxbir üzvü (2018), Türk Ədəbiyyatı Fondunun fəxri üzvüdür (2020).
E.İbrahimov 4 monoqrafiyanın, 186 elmi məqalənin müəllifidir.