XƏBƏRLƏR

ABŞ-da təhsil almış məzunların təhsil sərgisi

07 iyun, 2022

İyunun 4-də Azərbaycandakı ABŞ səfirliyinin dəstəyi ilə "Education USA Azerbaijan" Beynəlxalq Təhsil üzrə Amerika Şurası və Bakı Amerika Mərkəzi Amerikada təhsil almış məzunların təhsil sərgisinə ev sahibliyi edib. Sərgi zamanı 25 universitet və 5 təqaüd proqramı haqqında məlumat verilib. Tədbir perspektivli tələbələr üçün məzunlarla birbaşa söhbət, ABŞ-da universitet proqramları, müraciət prosedurları, təqaüd proqramları, tələbə həyatı və yerli mədəniyyətə uyğunlaşma ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün əla şans olub. Məzunlara verilən ümumi suallar arasında son qəbul tarixləri, qəbul şərtləri və təqaüd imkanları əsas yer tutub.

Sərgidə iştirak edənlər həmçinin ən çox  maraqlandıqları universitetlərə virtual səyahət etmə imkanı əldə ediblər.

Təhsil sərgisi zamanı təşkilatçılar tərəfindən tələbələr üçün komandalar halında "Scavenger Hunt Game" oyunu keçirilib və ilk üç yerin qalibləri sərginin sonunda elan edilib. İştirakçılar həmçinin "Education USA" viktorinasında da iştirak ediblər.

ABŞ-ın Azərbaycandakı səfiri Cənab Li Litzenberqer də sərgiyə gələrək məzunlarla görüşüb. Səfir iştirakçılarla söhbət apararaq ABŞ-da təhsil almağı planlaşdıran şəxslərə uğurlar arzulayıb.