XƏBƏRLƏR

ADU-nun nümayəndə heyətinin Pakistan Müasir Dillər Universitetinin professor-müəllim heyəti ilə görüşü keçirilib

06 iyun, 2022

Pakistanda səfərdə olan Azərbaycan Dillər Universitetinin nümayəndə heyətinin Pakistan Müasir Dillər Universitetinin professor-müəllim heyəti ilə görüşü keçirilib.

Pakistanın Müasir Dillər Universitetinin (NUML) prorektoru Zubair İqbal tədbirdə çıxış edərək Pakistanda səfərdə olan Azərbaycan nümayəndə heyətini salamlayıb və onları NUML-da görməkdən məmnun olduqlarını bildirib. Azərbaycan və Pakistanın iki qardaş ölkə olduqlarını ifadə edən prorektor Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin, NUML-da isə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsinin ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da möhkəmlənməsində xüsusi rol oynayacağını qeyd edib.

Azərbaycan Dillər Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov tədbirdə çıxış edərək dərin tarixi köklərə malik Azərbaycan-Pakistan münasibətlərindən danışıb və bu əlaqələrin strateji səviyyəyə çatmasında hər iki ölkə rəhbərlərinin rolunu xüsusi qeyd edib. Pakistanın Ermənistanı işğalçılıq siyasətinə görə dövlət kimi tanımadığını qeyd edən Novruz Məmmədov bu illər ərzində, həmçinin, 44 günlük vətən müharibəsi zamanı qardaş Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi vurğulayıb və bu ölkənin Hökumətinə və xalqına təşəkkürünü çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, Dillər Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzə prorektoru Tamam Cəfərova Azərbaycan-Pakistan münasibətlərindən söz açaraq hər iki ölkənin bir-birini daima bütün platformalarda dəstəklədiyini bildirib. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi ilə nəticələnmiş vətən müharibəsindən bəhs edən millət vəkili, qardaş Pakistan Hökumətinin və Milli Assambleyasının ölkəmizə istər keçmiş Dağlıq Qarabağ münaqişəsi, istərsə də vətən müharibəsi zamanı göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi vurğulayıb və bu dəstəyə görə öz təşəkkürünü bildirib. Tamam Cəfərova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələrdən də danışaraq bu layihələrin iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə xüsusi töhfə verdiyini diqqətə çatdırıb: “Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq bütün sahələri əhatə edir. Azərbaycan-Pakistan əlaqələrinin inkişafı, müxtəlif sahələrdə münasibətlərimizin genişləndirilməsi istiqamətində atılan addımlar xüsusi əhəmiyyət kəsb edir. Mədəni və humanitar sahələrdə yüksələn xətlə inkişaf edən münasibətlərimiz xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə xidmət edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə bu sahədə mühüm əhəmiyyətli sosial-humanitar layihələr həyata keçirilib. Məhz bu xeyirxah əməllərinə görə Mehriban xanım Əliyeva Pakistanın Ali Ordeni “Hilal-e Pakistan” ilə təltif olunub”.

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov öz çıxışında Azərbaycan-Pakistan münasibətlərindən söhbət açaraq əlaqələrin daha da gücləndirilməsi üçün görülmüş işlərdən danışıb. Diplomat artıq Pakistanın 3 böyük şəhərindən – Karaçi, Lahor və İslamabaddan paytaxt Bakıya birbaşa uçuşlara start verildiyini bildirib, eləcə də Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti, bu Komissiyanın tərkibində yaradılmış 10-a yaxın işçi qrupları barədə məlumatları diqqətə çatdırıb.

Səfir Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində Pakistan Senatı tərəfindən yekdilliklə qəbul olunmuş Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə dəstəyi ifadə edən, Xocalı soyqırımını qınayan, həmçinin qarşılıqlı əlaqələrin daha da gücləndirilməsini təşviq edən qətnaməni xüsusi vurğulayaraq bu qətnamənin iki ölkə arasındakı qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu bildirib.