XƏBƏRLƏR

ADU-da "Heydər Əliyevin Azərbaycan-Amerika münasibətlərinin inkişafında rolu" mövzusunda tədbir keçirilib

27 may, 2022

ADU-da "Heydər Əliyevin Azərbaycan-Amerika münasibətlərinin inkişafında rolu" mövzusunda  tədbir  keçirilib 

 

Azərbaycan Dillər Universitetinin va Amerika Birləşmiş Ştatlarının Səfirliyinin Bakı Amerika Mərkəzinin "Sönməz Məşəl" Mədəni Əlaqələr ictimai birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-Amerika arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyina həsr olunan "Heydər Əliyevin Azərbaycan-Amerika münasibətlərinin inkişafında rolu" mövzusunda  tədbir  keçirilib.

Tədbir zamanı  ADU-nun prorektoru, professor Novruz Məmmədov Heydər Əliyevin həyat və fəaliyyətindən,  Azərbaycan və ABŞ arasında siyasi və iqtisadi əlaqələr, eləcə də, diplomatik münasibətlərin inkişafı istiqamətində göstərdiyi xüsusi xidmətlərindən danışıb.

 ABŞ-ın Azərbaycandakı Səfirliyinin İctimai əlaqələr şöbəsinin rəhbəri Cefri Anisman iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətləri haqqında fikirlərini bölüşüb, Azərbaycan Dillər Universitetində olmaqdan məmnun olduğunu deyib.

Amerika Birləşmiş Ştatlarının Dövlat Departamentinin maliyyələşdirdiyi Fulbrayt Proqramının qalibi kimi, bir neçə il əvvəl ADU-da tədqiqat aparmış ADU-nun dosenti Şəhla Nağıyeva Heydər Əliyevin Azərbaycan- Amerika əlaqələrinin inkişafında rolu və ADU-da fəaliyyət göstərən Amerika Mərkəzinin xidmətləri barədə məlumat verib.  

Tədbirdə "Sönməz Məşəl" Mədəni Əlaqələr ictimai birliyinin dəstəyi ilə hazırlanmış “Heydər Əliyev: Şəxsiyyətə Amerikadan baxış" sənədli filmi, həmçinin  Amerika həyatının müxtəlif sahələrinə aid  video-materiallar təqdim olunub.

Tədbirdə Şəhla Nağıyeva ilə ABŞ-ın Kaliforniya Dövlət Universitetinin professoru, şair-tərcüməçi Əlison Məndəvil və "Sönməz Məşəl" Mədəni Əlaqələr ictimai birliyinin amerikalı tərəfdaşı, Beynəlxalq Vaşinqton Piano İncəsənəti Şurasının sədri Şato Qardeki ilə bağlantı yaradılıb.

Universitetin tərcümə fakültəsinin tələbələri Zümrüd Vəliyeva və Nərgiz Bağırlı Xalq şairi Zəlimxan Yaqubun Heydər Əliyevə həsr etdiyi "O, həyatı sevirdi” şeirini Azərbaycan və ingilis dillərində söyləyiblər.