ADU-da tədqiqatçı-jurnalist Vasif Quliyevlə görüş keçirilib

ADU-da tədqiqatçı-jurnalist Vasif Quliyevlə görüş keçirilib
Azərbaycan Dillər Universitetində universitetin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq Mərkəzinin birgə təşkilatçılığı ilə yazıçı, publisist, “Şuşa" qəzetinin redaktoru, araşdırmaçı, tədqiqatçı-jurnalist Vasif Quliyevlə görüş keçirilib.
Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva Azərbaycanda ilk mətbuat orqanlarının yaranması, inkişafı, kütləvi informasiya vasitələrinin əhəmiyyəti barədə məlumat verdikdən sonra qonağı iştirakçılara təqdim edib.
Qonaq tədqiqatçı-jurnalist Vasif Quliyev yaradıcılığından danışarkən “Şuşa” qəzetinə gəlişi, qaçqınlıq dövründə qəzetin dərc edilməsi ilə bağlı gördüyü çətinliklərdən söz açıb. O, araşdırmaçılıq və tədqiqatçılıq barədə də məlumat verib. Bildirib ki, bütün tarixi məlumatların hazırlanması üçün hər bir tədqiqatçı faktlar arxivlərdən toplamalı və ayrı-ayrı mənbələrlə müqayisə edərək hazırlamalıdır.
Görüşdə iştirakçılar- Qafqazşünaslıq kafedrasının müdiri, dos.X.Hacıyeva, və dosenti Q.Mustafayev, Azərbaycanşünaslıq Mərkəzinin professoru N.Mehdi və Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli və digərləri tədqiqatçı-jurnalist Vasif Quliyevə yazdığı əsərləri və gələcək fəaliyyəti haqqında suallar veriblər.
Qeyd edək ki, Vasif Quliyev Şuşanın Malıbəyli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Hazırda “ Günəş” uşaq jurnalının baş redaktoru və Şuşa qəzetinin direktorudur. V. Quliyev 10-a yaxın tərcümə edilmiş, 20- dən artıq bədii, tarixi, publisistik əsərlərin müəllifidir.







