XƏBƏRLƏR

ADU-da “Heydər Əliyev və qüdrətli Azərbaycan” adlı tələbə-şagird konfransı keçirilib

20 may, 2022

Mayın 20-də Azərbaycan Dillər Universitetində Ümummili lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Heydər Əliyev və qüdrətli Azərbaycan” adlı respublika tələbə-şagird elmi konfransının açılış mərasimi olub.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsələndirilib. 

ADU-nun rektoru, akademik Kamal Abdulla konfransın əhəmiyyətindən danışıb. Qeyd olunub ki, konfransın keçirilməsi tələbələrin elmi biliklərinin artırılması və yeni elmi biliklərin əldə olunması baxımından mühüm əhəmiyyət kəsb edir:

“Bu konfransın keçirilməsi hər bir tələbə üçün yeni elmi araşdırmaların aparılması, elmi təcrübələrin qazanılması üçün əlverişli imkanlar verir. Bu imkanlardan istifadə etməklə tələbələr gələcək elmi fəaliyyətlərində daha uğurlu nəticələr əldə edə biləcəklər. Gənclər, tələbələr Ulu öndər Heydər Əliyevin bizlərə əmanətidir. Mən bunu hər zaman qeyd edirəm. Tələbələrin savadlı və peşəkar olması vacibdir. Tələbələrin dövlətimiz üçün, Vətənimiz üçün daha faydalı vətəndaş kimi formalaşması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Buna görə də hər biriniz öz işinizdə faydalı olmalı, dövlətimizin, millətimizin parlaq gələcəyi naminə yorulmadan çalışmalısınız.”

ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov konfransla bağlı fikirlərini bölüşüb. Qeyd olunub ki, kafedralarda müzakirə olunacaq mövzular elmi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu mövzular tədqiqatçılar üçün yeni elmi işlərin hazırlanması və yeni elmi araşdırılmaların aparılması yönündə xüsusi önəm daşıyır.

ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova  konfransla bağlı fikirlərini bölüşüb. Bildirilib ki, konfrans tələbələrin bilik və bacarıqlarının daha da artırılmasına kömək etmiş olacaq:

“Konfransın Ulu öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunması təsadüfi deyil. Bunun böyük əhəmiyyəti və rəmzi mənası var. Bu konfrans universitetimizin Ulu öndərimizin əziz xatirəsinə olan dərin ehtiramının göstəricisidir. Digər tərəfdən Ulu öndərin Azərbaycan elminə və təhsilinə olan diqqət və qayğısına olan hörmətimizin bariz nümunəsidir. Tələbə-şagird konfransı artıq bir neçə ildir ki, yeni formatda həyata keçirilir. Bu konfransın təşəbbüskarı rektorumuz, akademik Kamal Abdulladır. Konfrans tələbə və şagirdlərin təhsil almasına verilən böyük töhfədir. Bu, əlbəttə, məktəblərin ali təhsil ocaqları ilə əlaqələrini daha da möhkəmləndirir. Digər tərəfdən isə bu cür konfranslar bizim şagirdlərimizə gələcəkdə ixtisas seçimində böyük kömək olacaq”.  

ADU-nun Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov konfrans iştirakçılarına uğurlar arzu edib, tələbələri konfrans materiallarından səmərəli şəkildə istifadə etməyə çağırıb. Təqdim olunan mövzularının aktuallığından söhbət açılıb.

ADU-nun tələbələri Günel Məmmədli, Jalə Eyvazova və Arzu Məmmədova təhsil mövzularında çıxış ediblər. Çıxışçılar Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmış dahi şəxsiyyət Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında məlumat veriblər. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünkü modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynayıb.

Konfrans bölmə iclasları ilə davam edib.