XƏBƏRLƏR

ADU ERASMUS+ mübadilə proqramını Fransanın Ruan Universiteti ilə reallaşdırıb

17 may, 2022

Azərbaycan Dillər Universiteti  2021-2022 –ci tədris ili ərzində nəzərdə tutulan növbəti ERASMUS+ müəllim mübadilə proqramını Fransanın Ruan Universiteti ilə reallaşdırıb.

 Mübadilə universitetin üç əməkdaşının- Təhsil I fakültəsi nəzdində Xarici dillərin Tədrisi metodikası kafedrasının müəllimi dosent G. Camalova, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının  baş müəllimi P. Xanızadə və Təhsil II fakültəsi nəzdində Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi X. Qarazadənin iştirakı ilə həyata keçirilib.   

Onlar Ruan Universitetinin Ədəbiyyat və Humanitar Elmlər fakültəsi nəzdində  Dil və Ünsiyyət Departamentində ( Département des Sciences du Language et de la Communication) müxtəlif qruplarda tədris  proqramına uyğun fənnləri tədris ediblər. Əlavə olaraq, ADU-nun əməkdaşları universitetdə tədrisin təşkili, universitetin struktur fəaliyyət prinsipləri ilə də təcrübə zamanı yaxından tanış olublar.  

Qeyd edək ki, Erasmus+ mübadilə proqramı Erasmus+ əməkdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Erasmus+ proqramı ilə xarici ölkələrdə təhsil almaqla, tələbələr ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə və gələcək fəaliyyətləri  üçün vacib olan bir sıra bacarıqlara yiyələnə bilərlər.  

Proqram çərçivəsində bakalavr, magistr pillələrində təhsil alan tələbələr və eləcə də akademik və inzibati heyət mübadilədə iştirak edə bilərlər.