XƏBƏRLƏR

Professor Həbib Zərbəliyev “Azərbaycan multikulturalizmi” fənnini İndoneziyada tədris edib

16 may, 2022

Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xaricdə tədrisi layihəsi çərçivəsində cari ilin  fevral – aprel aylarında İndoneziyanın Qacah Mada Universitetində bu fənni tədris edib.

30 akademik saatdan ibarət bu intensiv kurs Mədəniyyətşünaslıq fakültəsində seçmə fənn kimi təklif edilmiş və müxtəlif ixtisaslar üzrə təhsil alan I – IV kurs tələbələrinin böyük marağına səbəb olub. “Azərbaycan multikulturalizmi” fənni 2016-cı, 2017-ci və 2020-ci illərdə də Qacah Mada Universitetində tədris olunub.

Mühazirələr Azərbaycan multikulturalizminin tarixi, inkişafı, dövlətin multikulturalizm siyasəti, Azərbaycanın multikultural ölkə modeli kimi bu sahədə əldə etdiyi nailiyyətlər və s. mövzuları əhatə edib.

İndoneziyada bir çox ali məktəbdə  2021–2022-ci tədris ilində dərslər onlayn formatda keçirildiyindən “Azərbaycan multikulturalizmi” fənni üzrə məşğələlər və yekun imtahan da məsafədən təşkil edilmiş, bütün dinləyicilər kursu müvəffəqiyyətlə bitirib.