XƏBƏRLƏR

ADU-da “Sarsılmaz Azərbaycan-Türkiyə birliyi - Ümid körpüsü (30 il)” adlı tədbir keçirilib

11 may, 2022

Mayın 10-da Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının, Azərbaycanşünaslıq Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sarsılmaz Azərbaycan-Türkiyə birliyi-Ümid körpüsü (30 il)” adlı tədbir keçirilib. Tədbirdə kafedra müdirləri, müəllimlər və tələbələr iştirak edib.

Tədbirdə moderatorluq edən Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli Heydər Əliyevin Azərbaycan tarixində oynadığı böyük rolundan və Ümid körpüsünün açılmasının Naxçıvanın statusunun qorunub saxlanmasında əhəmiyyətli addım olduğundan bəhs edib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri, dosent Xatirə Hacıyeva “Ümid körpüsündən Şuşa bəyannaməsinədək” mövzusunda çıxışında  Sədərək-Dilucu körpüsünün “bir millət iki dövlət” arasında iqtisadi, siyasi, sosial əlaqələrin inkişafında etibarlı vasitəyə çevrildiyini və strateji tərəfdaşlığı təsdiqləyən Şuşa bəyannaməsinin sarsılmaz dostluğumuzun nümunəsi olduğunu bildirmişdir. 

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Ümid”dən doğan strateji hədəf – Bakı-Tiflis-Qars “dəmir ipək yolu” mövzusunda çıxış edərək Naxçıvan ilə Türkiyə arasında açılmış Ümid körpüsünün əslində sonrakı dönəmdə BTC, BTQ, BTƏ, TANAP, TAP layihələrinin ön ayağı hesab edildiyini qeyd edib: “Erməni ekspertləri özləri etiraf edirlər ki, Azərbaycanın reallaşdırdığı layihələrlə Ermənistan “kor bağırsaq” halına gəlmişdir”.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova  “Sosial-iqtisadi inkişafın təminatı -“Zəngəzur dəhlizi”” adlı məruzəsində Azərbaycan və Türkiyənin Sədərək-Dilucu körpüsü ilə başlayan sarsılmaz birliyi Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə ümumilikdə türk dünyası birliyinin coğrafi baxımından daha da güclənməsinə gətirib çıxaracağını vurğulayıb.

Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək tariximizin belə dönəminin ortaya gətirilməsinə müsbət rəy bildirərək Azərbyacanın gələcək sosial, iqtisadi, siyasi strategiyasının işlənməsində əhəmiyyətini qeyd edib.