XƏBƏRLƏR

İlham Quliyev: “Ali təhsil təcrübə ilə paralel olmalıdır”

10 may, 2022

Əvvəl tələbələr son kursda təcrübəyə gedirdisə, indi son kursu gözləməyə ehtiyac yoxdur. Tələbələr  könüllü şəkildə “təcrübədən öncə təcrübə” layihəsinə qoşularaq, 4-cü kursu gözləmədən təcrübə qazana bilirlər. Bu layihə Kütləvi İnformasiya Vasitələri arasında əlaqələrin daha sıx qurulması,  2, 3, 4–cü kursda təhsil alan tələbələrinin praktik biliklər əldə etməsi məqsədilə həyata keçirilir.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev “Təcrübədən öncə təcrübə” layihəsi ilə bağlı təəssüratlarını bizimlə bölüşüb, suallarımızı cavablandırdı. İlham Quliyevlə olan müsahibəmizi sizə təqdim edirik.

 

- İlham müəllim, “Təcrübədən öncə təcrübə” layihəsini necə qiymətləndirirsiniz?

- “Təcrübədən öncə təcrübə” layihəsini çox yüksək qiymətləndirirəm. Bununla bağlı bizə sorğu daxil olduqda layihənin mahiyyəti ilə maraqlandıqdan dərhal sonra razılıq verdik. İlk gündən təcrübəçilərə böyük diqqət göstərdik. Düşünürəm ki, bizdə sovet dövründən ali təhsil sisteminin təcrübə ilə əlaqələndirilməsində böyük problemlər var. Çox təəssüf ki, 30 ildən artıq müstəqillik dövründə də bu problemləri tam aşa bilməmişik. Son vaxtlar bəzi universitetlər təcrübə istiqamətində böyük addımlar atırlar.

- Sizcə “təcrübədən öncə təcrübə” layihəsinin təşkil olunmasına zərurət yaradan nədir?

- Dünya praktikası da, bizim real həyatda yaşadıqlarımız da onu göstərir ki, ali təhsil təcrübə ilə paralel olmalıdır. Tələbələr nəzəri bilikləri də bilməlidir. Amma ali təhsil müəssisəsini bitirib diplom alacaq tələbəyə praktiki bilgilər lazımdır. Diplom alıb, iş yerinə gedəndə praktiki bilgiləri ona heç kəs vermək istəməyəcək. İşə götürən hazır kadr istəyəcək. Ona görə də, çox yaxşı olardı ki, universitet illərindən təcrübəli tələbələr yetişdirilsin. Bu layihə də məncə ona əsaslanır.

 - Bu layihənin bütün tələbələri əhatə etməsinə baxmayaraq, çox az tələbə iştirak etdi. Sizcə gənclərin ixtisaslarına olan biganəliyinin səbəbi nədir?

- Bu təcrübə proqramında iştirak edən tələbələrin sayının az olmasının səbəbinə iki istiqamətdən yanaşmaq olar. Məncə birinci səbəb, tələbələrin inamsızlığıdır. Düşünürlər ki, hansısa redaksiyada təcrübə keçmək onlara çox şey verməyəcək. İkincisi də, düşünürəm ki, layihənin idarə olunması ilə bağlı təkmilləşdirmə işlərinin aparılmasına ehtiyac var. Bizim təcrübə, mentalitet bəzən inzibati təzimləmələrə ehtiyac duyur. Əksər məsələləri insanların istəyinə buraxanda vəziyyət o qədər də ürəkaçan olmur. Düşünürəm ki, gələcəkdə “təcrübədən öncə təcrübə” layihəsinin idarə olunması ilə bağlı bu məsələlərə baxılmalıdır.

 - İndi gənclər qəzet və saytlardan daha çox televiziyaya üz tutmaq istəyirlər. Sizcə bunun səbəbi nədir?

- Uzun illərdir bu işin içində olan adam kimi, mən də bunu müşahidə etmişəm. Bizə təcrübəçilər gələndə, onlarla ilk söhbətimizdə görürəm ki, əksəriyyətin niyyəti televiziyada çalışmaqdır. Televiziya gənclərə cəlbedici gəlir. Daha çox tanınmaq istəyirlər. Bu təbiidir. İnsanlar daha çox üzdə olan media seqmentində təmsil olunmağa çalışırlar. Dördüncü kursda təhsil alan tələbə televiziyanı özü  üçün prioritet hesab edirsə, bu 4 illik təhsilin həmin tələbəni tam formalaşdırmamasının göstəricisidir. Şan-şöhrət istəyini bir az cilovlamaq, daha çox peşakarlığa yönəlib öz üzərində işləməyə köklənmək lazımdır. Əgər sən işinin peşakarısansa, onsuzda tanınırsan. Mən düşünürəm ki, bu yol universitetlərdə tələbələrə aşılanmalıdır ki, təcrübə bölgüsü olanda AzTv-də təcrübə keçmək üstündə dava düşməsin.

- Siz jurnalistika üzrə təhsil alan tələbələrə haradan başlamağı tövsiyə edərdiniz?

-Hər bir iş mərhələ-mərhələ olmalıdır. Jurnalistika fəaliyyətinə televiziyada başlayan tələbələr kariyeralarında problemlərlə üzləşirlər. Bir müddətdən sonra televiziya eşqi, şan-şöhrəti itir, real həyata qayıdırsan. Ondan sonra, qəzet və saytda çalışmaq istəyəndə böyük problemlərlə üzləşirsən. Amma qəzet məktəbi keçmiş, internet resurslarında iş imkanı əldə etmiş jurnalistlərin sonradan televiziyada uğur qazanması üçün əlində hər bir imkan olur. Reallıq da bunu göstərir ki, qəzet və sayt məktəbini keçib televiziyaya gedənlər daha böyük uğur qazanırlar. Jurnalistikanın özəyi yazıdır.

 - Sizcə bizim universitetlərdə təcrübə cəhətdən hansı boşluqlar var? Səbəbləri nələrdir?

- Təcrübə proqramları hər ixtisas üçün vacibdir. Həyat təcrübədir. Biz ali məktəblərdə tələbələrimizə peşə öyrətməliyik. İşi elə qurmaq lazımdır ki, tələbə əlinə diplomu alanda artıq hazır kadr olsun. Amma çox təəssüf ki, bizim universitetlərdə bunu müşahidə etmirik. Tələbə 4 il bakalavr oxuyur, 2 il magistratura oxuyur. 6 ildən sonra işləməyə gələndə biz burada ona əlifbanı öyrədirik. Bunun səbəbi tələbələrin 6 il ərzində nəzəri bilikləri alıb, praktik işlə tanış olmamasıdır. Mən hesab edirəm ki, universitetlər media resursları ilə daha yaxından, sıx işləməlidirlər. Tədris prosesini paralel qurmalıdırlar. Universitet auditoriyası, qəzet, sayt redaksiyaları tələbələrin gəlib, getdiyi bir yer olmalıdır. 4 il ərzində tələbə universitetə getdiyi qədər redaksiyalara da gəlməlidir. Diplom aldıqda artıq bilməlidir ki, xəbər necə yazılır, tapşırıqlar necə verilir, planlaşdırma necə aparılır, yazı necə hazır olur, necə emal olunur. Bunun da yolu ancaq təcrübədən keçir. Mən hesab edirəm ki, bütün ali təhsil ocaqları təcrübə məsələsinə ancaq tədris prosesinin əvvəlcədən planlaşdırılmasında qeyd olunduğu kimi, tədrisin son mərhələsində yox, elə əvvəldən başlamalıdırlar. Biz beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, dünyanın nüfuzlu universitetləri bu metodlardan istifadə edirlər.

Nuray Kamal

ADU-nun jurnalistika ixtisası üzrə tələbəsi