ADU-nun keçirdiyi beynəlxalq simpozium çərçivəsində Şamaxıda tədbir təşkil olunub
08 may, 2022
ADU-nun keçirdiyi beynəlxalq simpozium çərçivəsində Şamaxıda tədbir təşkil olunub
Mayın 7-də Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin Germanistika institutlarının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Germanistikanın yeni yolları, Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” mövzusunda beynəlxalq simpoziumun ikinci günü Şamaxı şəhərində keçirilib.
Simpoziumda Almaniya, Avstriya, İtaliya, Türkiyə, Qazaxıstan, Gürcüstan və s. ölkələrin müxtəlif universitetlərindən olan alim və professorlar, gənc tədqiqatçılar və media nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi hissəsi Şamaxı Rayon Mədəniyyət Mərkəzində baş tutub.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov simpoziumun xalqımız üçün çox əlamətdar olan bir günə - ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsinə təsadüf etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, simpoziumun konsepsiyasını qloballaşma prosesinin akademik elmə nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı sərhədlərin azalması kimi faktorlar, mədəni mübadilə proseslərini öyrənən yeni bir istiqamətin - mədəniyyət transferi sahəsinin yaranmasına gətirməsi təşkil edir. O, simpoziumun Azərbaycan-Almaniya elmi-ədəbi və mədəni əlaqələrinə töhfə verəcəyini qeyd edib və xarici ölkə alimlərinə, eləcə də tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova çıxış edərək bildirib ki, ölkəmizin hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü təntənə ilə qeyd edilir. İki universitetin birgə təşkil etdiyi “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” mövzusunda beynəlxalq simpozium da bu tədbirlərdən biridir və Ulu Öndərə dərin ehtiramın bariz nümunəsidir. Ulu Öndərin həmişə elm və təhsilə xüsusi qayğı ilə yanaşdığı, o cümlədən xarici ölkələrin elmi qurumları ilə əməkdaşlığa önəm verdiyi vurğulanıb.
Daha sonra simpozium iştirakçılarının, “Germanistikanın yeni yolları, Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” mövzusunda məruzələri dinlənilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Heydər Əliyev Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin banisidir”, alman yazıçı və tərcüməçisi Heike Maria Johenning “Arxitekturada müasir üslub Qafqaza necə gəldi?”, almaniyalı naşir Hans-Jürgen Maurer “Qurban Səid və “Əli və Nino” romanı. Əsərin nəşr tarixi və onun müəllifinin bioqrafiyası haqqında yeni faktlar”, ADU-nun müəllimi Lətifə Qurbanova “Nizami Gəncəvinin yaradıcılığında Höteni nə cəlb etdi” və s. mövzularında məruzələr simpozium iştirakçılarına təqdim olunub.
Daha sonra simpozium iştirakçılarının Şamaxı rayonunun tarixi abidələri və muzeylərinə ekskursiyası təşkil olunub, onlara rayonun tarixi və mədəniyyəti haqqında geniş məlumat verilib.
Qeyd edək ki, simpoziumun rəsmi açılışı mayın 6-da Azərbaycan Dillər Universitetində olub.