XƏBƏRLƏR

ADU-da Avropa poeziya gecəsi keçirilib

05 may, 2022

ADU-nun Fransız dili və Mədəniyyəti, Frankofoniya Mərkəzi və Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının birlikdə hazırladığı “Avropa poeziya gecəsi” tədbiri keçirilib. 

Tədbirdə Azərbaycan, Rusiya, Fransa, İngiltərə, Almaniyanın himnləri səslənib. Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, professor Əsgər Zeynalov Azərbaycan, rus, fransız, ingilis, alman poeziyası haqqında ümumi məlumat verib.

Fidan Fərzəliyeva və Həlilə Yaqubzadə Səməd Vurğunun “Azərbaycan” şeirini Azərbaycan və rus dillərində, Gülümə Məmmədova özünün yazdığı “Bu dünya neyləsin ki?” şeirini, Puşkinin “Yevgeni Onegin” poemasından bir parçanı, Rəfiqə Hacıyeva Yesenenin “Şaqane” şeirini rus dilində, Rübabə Mustafayeva və Aminə Aslanova Hüqonun “Hicrinin doqquzuncu ili poemasından bir parçanı fransız dilində, Namazova Fatimə və Əhmədzadə Məhəmməd Hüqonun “Viyekiyedə” şeirindən bir parçanı fransız dilində, Eyvazova Jalə və Bağırova Banuçiçək Bayronun “Ayrılanda biz” şeirini ingilis və Azərbaycan dillərində, Kazımova Pəri və İmanquluzadə Mənsurə Şekspirin 66-cı sonetini ingilis və Azərbaycan dillərində, Əliyeva Ülkər və Mirzəquluzadə Ləman Henrix Heynenin “Ulduzlar”, Ləman Aydınlı və Şıxəliyeva Tamara Heynenin “Yuxuda ağlamışdım” şeirlərin alman və ingilis dillərində söyləmişlər.

Tədbirdə ölməz müğənnilər Rəşid Behbudovun ifasında R.Hacıyevin “Azərbaycan”, Müslüm Maqomayevin ifasında S.Əliyevanın  “Azərbaycan”, Polad Bülbüloğlunun ifasında “Şən Azərbaycan” mahnılarının, alman mahnısının, “Salut”  fransız mahnısının videoçarxları səslənmiş və tələbə Şərifova Nigarın ifasında ingilis mahnısı ifa olunmuşdur.

Şeirlərin tərcümələrinin A.Adalisə, S.Mustafaya, Ş.Nağıyevaya, Yusif Savalana, Ə.Zeynalova məxsusluğu bildirilmişdir.

Şair-tərcüməçi Yusif Savalan və Mərkəzin əməkdaşı Şahismayıl Süleymanov şeirlər söyləmişlər.

Tədbirdə iştirak edən ADU rektorunun məsləhətçisi Anar Osmanlı və Təhsil-1 fakültəsinin dekanı Fikrət Cahangirov çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulamış, tələbələrin çıxışlarından zövq aldıqlarını və onun tərbiyəvi əhəmiyyətini vurğulamışlar.

Tədbir Xan Şuşinskinin ifasında “İrəvanda xal qalmadı” mahnısının videoçaexı ilə sona çatmışdır.