XƏBƏRLƏR

ADU–da “ Qarabağ atları” adlı tədbir keçirilib

29 aprel, 2022

 29 apreldə ADU-nun muzeyində Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası, Azərbaycanşünaslıq mərkəzi və Magistratura şöbəsi  “Şuşa ili” çərçivəsində  “ Qarabağ atları “ adlı tədbir keçirib.

Tədbir Regionşünaslıq kafedrasının müdiri, dos. Əliyeva Sevdagül Əliyevanın qonaqları qarşılaması və Qarabağ atlarının videosunun nümayiş etdirilməsi ilə açıq elan edilib. Daha sonra dos. S.Əliyeva bildirib ki, Azərbaycanda atçılığın tarixi qədimdir. Azərbaycan ərazisində yayılan at cinsləri içərisində Qarabağ atları xüsusi ilə seçilir.

 AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya institutunun aparıcı elmi işçisi və Regionşünaslıq kafedrasının dosenti  Bəhmən Əliyev  Qarabağ atları haqqında  tapılmış faydalı qazıntılar haqqında dəyərli məlumatlar verib. O,  Azərbaycanın Ərəb xilafətinin işğalında olduğu dövrdə 20000-dən çox Qarabağ atının Ərəbistana aparıldığını və eyni zamanda Rusiya atçılıq zavodunun inkişafında Qarabağ atlarının əsas rol oynadığını bildirib.

   Regionşünaslıq kafedrasının müəllimi Ağayeva Xəyalə Qarabağ atlarının növləri,  rəngləri, ölçüləri, onları digər atlardan fərqləndirən əlamətlərinə görə bölündüyü tiplərindən  danışıb. Xəyalə Ağayeva Qarabağ atlarının onların ayaqlarında ağ xəttlərin olması və alınlarında təpər olmasının əsas xüsusiyyətləri olduğunu və ən sürətli qaçışları zamanı belə bir anda yerində dura  bildiklərini bildirib.

Magistratura şöbəsinin II kurs magistrantı Uğur Həsənov Qarabağ atlarının özünəməxsus xarakterik xüsusiyyətləri haqqında məlumatlar verib. Uğur 1865-ci ildə Cəfərqulu xanla görüşən və Qarabağ atlarına valeh olmuş məşhur rus rəssamı V.V Vereşaginin sözlərini dinləyicilərin diqqətinə çatdırdı: "Həyatım boyu gördüyüm ən gözəl atlar Cəfərqulu xanın zavodunda gördüyüm atlar ən gözəl atlardır."
      

Regionşünaslıq kafedrasının müəllimi Tajdehibonab Mehparə Qarabağ atları ilə oynanan “Çövkən”  oyunu haqqında çıxış edərək, Beyləqan şəhərində aparılan arxeoloji qazıntılarda aşkar edilmiş şirli qab üzərində çövkən oyununun  təsvirinin IX  əsrə aid olduğunu və bu tapıntının hələ qədim zamanlardan bu oyunun Azərbaycanda məşhur olduğunu sübut etdiyi  bildirib. Eyni zamanda Mehparə xanım çövkən oyununun sadəcə çobanların deyil, əslində şahların oyunu olduğunu qeyd edib.

Məhşur  heykəltaraş, "Qarabağ atları" illüstrativ kitabının müəllifi Faiq Hacıyev çıxış edərək kitabda topladığı məlumatlar haqqında danışıb. Kitabdakı illustrasiyaların tarixi, ərsəyə gəlmə müddəti haqqında maraqlı məlumatlar verən Faiq Hacıyev Qarabağ atlarının bütün dünyaya yayıldığını, Danimarka, Polşa, Litva, Estoniya, Türkmənistan, Çin, Hindistan və s kimi bir çox ölkələrdə izlər qoyduğunu qeyd edib.

Atçı xoreoqraf və sirk artisti Azər Həmzəyev öz ixtisasının atlarla ünsiyyətdən sonra dəyişməsi, onlara  bağlanmağının səbəblərindən danışıb. O, qeyd edib ki, müxtəlif tədbirlərdə  atlarla bağlı gördüyü nömrələr onu yeni bir layihə- atlarla rəqs hazırlamağa gətirib çıxardı.

Dos.  Sevdagül  Əliyeva BMR fakültəsinin Amerikaşünaslıq III kurs tələbəsi Əliyarlı Baxışı tədbir iştirakçılarına təqdim etdi. Barış 2014, 2015, 2017, 2018, 2019 –cu illərdə müxtəlif yarışlarda V, II, Bakı və Azərbaycan çempionatında isə I  yer tutmuş və 2019 -cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “ İdman ustasına namizəd” dərəcəsi almışdır.  Barışın atçılıq fəaliyyəti və uğurları videolent göstərilıdi. Barış öz uğurları və gələcək planları haqqında danışıb.

  Tədbir boyu Regionşünaslıq kafedrasının müəllimi Aygün Solrtyanzadə  Qarabağ atları haqqında hazırlanmış videolar, slayd şou və prezentasiyaların nümayişini təmin edib.