XƏBƏRLƏR

Türk Dünya Mədəniyyəti adlı III Beynəlxalq Tələbə Konfransı keçirilib

29 aprel, 2022

ADU ilə Türkiyənin Dokuz Eylül Universiteti arasında təşkil olunmuş bir sıra beynəlxalq konfrans və seminarların davamı olaraq 20-21-22 aprel tarixlərində hibrid formada “Türk Dünya Mədəniyyəti” adlı III Beynəlxalq Tələbə Konfransı keçirilib. Hər iki universitetdən çıxış edən tələbələr “Türk Dünyasının Tarixi Şəxsiyyətləri” “Türk Dünyası Ədəbiyyatı” “Türk Dünyasının Musiqisi” adlı mövzuları əhatə edən bölmələrdə hazırladıqları təqdimatlarla çıxış edib. Mövzular ingilis, fransız, alman dillərində təqdim edilib.

20 aprel tarixində ingilis dilində keçirilən “Türk Dünyasının Tarixi Şəxsiyyətləri” adlı mövzuları özündə birləşdirən konfransın ilk günündə ADU-nun elmi işlər üzrə prorektoru prof. Novruz Məmmədov, tədris məsələləri üzrə prorektoru prof. Sevinc Zeynalova və  DEU-nun Xarici Dillər fakültəsinin dekanı prof. Gülmira Kuruoğlu, ADU-nun Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri fil.f.d. Səyanə Bağırova və DEU-nun Tədris məsələləri üzrə direktoru Murat Ata konfransı giriş sözləri ilə açıq elan edərək universitetlər arasındakı əməkdaşlıqdan bəhs ediblər.

21 aprel tarixində fransız dilində keçirilən “Türk Dünyası Ədəbiyyatı” adlı mövzuları özündə birləşdirən konfransın ikinci günündə ADU-nun elmi işlər üzrə prorektoru prof. Novruz Məmmədov, beynəlxalq əlaqələr üzrə prorektor prof.Jalə Qəribova, DEU-nun Xarici Dillər fakültəsinin dekanı prof.Gülmira Kuruoğlu, həmçinin moderator qismində DEU-nun Fransız dili kafedrasının rəhbəri Emine Çavdar və ADU-nun Təhsil II fakültəsi nəzdində Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri f.e.d.Gülnarə Sadıxova hər biri ayrı-ayrılıqda çıxış edərək konfrans iştirakçılarına müvəffəqiyyətlər arzulayıb.

22 aprel tarixində alman dilində keçirilən “Türk Dünyasının Musiqisi” adlı mövzuları özündə birləşdirən konfransın bağlanış günündə ADU-nun elmi işlər üzrə prorektoru prof. Novruz Məmmədov, Türkiyə Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və DEU-nun Xarici Dillər fakültəsinin dekanı prof. Gülmira Kuruoğlu, həmçinin moderator qismində çıxış edən ADU-nun Alman dilinin fonetika və qrammatikası kafedrasının müdiri p.f.d.Qahirə Axundova və DEU-nun alman dili üzrə koordinatoru Fulya Koydemir Türkiyə-Azərbaycan münasibətlərinin əhəmiyyətini vurğulamış, konfrans iştirakçılarına uğurlar arzulayıb, bu addımların təqdirəlayiq olduğundan, gələcəkdə daha da möhkəmlənəcəyindən danışılıb, növbəti konfranslar və əməkdaşlıqlar ətrafında müzakirələr aparılıb.