Belqrad Universitetinin professorları ADU-da olublar
Serbiya Respublikasının Belqrad Universitetinin Filologiya fakültəsinin professorları Gordana Cokoviç və Dragana Gruyiç Erasmus + layihəsi çərçivəsində ADU-da ezamiyyətdə olublar.
Ezamiyyət müddətində universitetinin əmakdaşları tədris işləri üzrə prorektor, professor Sevinc Zeynalova və Beynəlxalq münasibətlər üzrə prorektor, professor Jalə Qəribova ilə birgə dəyirmi masada iştirak ediblər.
Bu müddət ərzində xarici qonaqlar ADU-da fəaliyyət göstərən “Serb dili və mədəniyyəti mərkəzi” nin fəaliyyəti ilə yaxından tanış olub, Filologiya fakültəsinin ingilis dili və ədəbiyyatı müəllimliyi ixtisasında təhsil alan II və III kurs tələbələrinə təlim keçib, təhsil, ədəbiyyat mövzularında söhbətlər aparıb, serb və Azərbaycan xalqlarının mədəniyyəti arasında oxşar və fərqli cəhətləri barədə fikir mübadiləsi aparıblar.
Səfər zamanı serb professorları Bakının tarixi yerlərini - İçərişəhər qoruğunu, Şirvanşahlar sarayını, Qız qalasını, M.F.Axundov adına Azərbaycan Milli kitabxanasını, Xalça muzeyini ziyarət edib, milli mətbəximizlə tanış olublar.
Xarici qonaqlar ADU rəhbərliyinin universitetinin müəllim və tələbə heyəti üçün yaratdıqları dinamik tədris prosesindən və Azərbaycanda olduqları müddətdə gördükləri zəngin təəssüratları serb tələbələrinə çatdıracaqlarını bildiriblər.
Bundan başqa professorlar 2018-ci ildə Belqrad Universitetində yaradılmış “Azərbaycan dili və Mədəniyyəti mərkəzi” nin də fəaliyyətinin davamlı və məhsuldar olması üçün əllərindən gələn dəstəyi göstərəcəklərini bildiriblər.