XƏBƏRLƏR

“Əli və Nino” romanının ləzgi, talış və udi dillərinə tərcüməsinə həsr olunan tədbir keçirilib

27 aprel, 2022

ADU Multikulturalizm Mərkəzində Qurban Səidin “Əli və Nino” romanının ləzgi, talış və udi dillərinə tərcümə nəşrlərinin təqdimatına həsr olunmuş dəyirmi masa keçirilib. Nəşrlər ADU-nun rektoru akademik Kamal Abdullanın ideya rəhbərliyi ilə hazırlanıb. Kitablar nəfis tərtibatda kütləvi tirajla çap olunub.

Çıxışlarda “Əli və Nino” romanının bədii məziyyətləri, ictimai-siyasi məzmunu qabardılıb, onun poetik –idrakı cəhətlərindən söz açılıb. Göstərilib ki, əsər obrazlar qalereyası, sosial dəyəri, tarixi məziyyəti ilə nə dərəcədə seçiləndirsə, multikultural dəyərlərin əksi baxımından da o dərəcədə aktualdır.

ADU Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadənin moderatorluğu ilə baş tutan dəyirmi masada açılış nitqi ilə ADU-nun Elmi işlər və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov çıxış edərək “Əli və Nino”nun bədii məziyyətlərindən, multikultural dəyərlərə sədaqətindən söz açıb.  

Sonra “Əli və Nino” romanının talış dilinə tərcümə nəşrinin redaktoru Rasim Heydərov, romanın ləzgi dili variantının tərcüməçisi Müzəffər Məlikməmmədov, nəşrə məsul şəxs BBMM-nin analitik şöbəsinin müdiri Rəşad İlyasov, Ukrayna-Azərbaycan konqresi ictimai birliyinin sədri Yuriy Osadçenko, Etnoqlobus mərkəzinin rəhbəri Gülnar İnanc, ADU Filologiya fakültəsinin dekanı professor Şahin Xəlilli, ADU Multikulturalizm Mərkəzinin elmi işçisi Turan Kərimli, ADU Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva mövzu ətrafında çıxış ediblər.