XƏBƏRLƏR

ADU-da akademik Zərifə Əliyevaya həsr olunmuş tədbir keçirilib

26 aprel, 2022

ADU-nun Elmi kitabxanası və Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 99-cü il dönəminə həsr olunmuş “Ömrünü öz xalqının sağlamlığına həsr etmiş böyük şəxsiyyət” adlı tədbir keçirilmişdir. Tədbirdə rektorun müşavirləri Ələddin Əliyev, Anar Osmanlı, Təhsil 1 fakültəsinin dekanı Fikrət Cahangirov, Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova, elmi kitabxana və informasiya mərkəzinin direktoru Cəmilə Əliyeva, Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri Sevda Zamanova, kafedranın müəllimi Ofeliya Allahverdiyeva, tələbələr və kitabxana əməkdaşları iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə rektorun müşaviri Ələddin Əliyev açaraq Zərifə Əliyevanın həyatı, ailəsi haqqında geniş məlumatlar verib. Sonra kafedranın müəllimi Ofeliya Allahverdiyeva Zərifə xanımın həyat və yaradıcılığı, elmi fəaliyyəti, alimlik və doktorluq işləri, qazandığı titullar haqqında geniş məruzə ilə çıxış edib. Sonda Mirvarid Dilbazinin Zərifə xanıma həsr etdiyi şeiri səsləndirilib.

Digər çıxış edənlər də, Zərifə xanımı qayğıkeş ana, mehriban həyat yoldaşı, gözəl insan olduğunu qeyd ediblər.

 Müşavir Anar Osmanlı, dekan Fikrət Cahangirov, kafedra müdiri Sevda Zamnaova çıxış edərək tədbirin təşkilatçılarına, universitet rəhbərliyinə təşəkkür ediblər.