“Şuşa - Qarabağın döyünən ürəyi!” adlı tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin Təbriz binasının Oxu zalında Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə “Şuşa- Qarabağın döyünən ürəyi!” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra vətənimiz Azərbaycan uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə həmin kafedrada pedaqoji təcrübədə olan II kurs magistratura şöbəsinin tələbələri: Nəsibli Günay, Ənvərli Səltənət, İsmayılova Lətifə, Şahbəddinova Ləman, Əfəndizadə Dəniz, Hüseynova Aysel, Mehdizadə Gülçin, Sadıqova Xəyalə, Nağıyeva Ruxsara iştirak ediblər.
Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Günay Şirəliyeva tədbiri açıq elan etdikdən sonra magistratura şöbəsinin tələbələri “Əziz Şuşa, Sən Azadsan!”, “Qələbə simvolu Xarıbülbül!”, “Qarabağdakı milli irisimiz!”, “XVIII əsr Azərbaycan musiqi mərkəzi!”, “Şuşanın milli qəhrəmanları!”, “Şuşa əməliyyatı!” adlı məruzələrini təqdim ediblər.
Tədbirdə Ulu öndər Heydər Əliyevin Şuşa haqqında söylədiyi fikirlər səsləndirilib və cənab prezident İlham Əliyevin 8 Noyabr 2020-ci ildə “Şuşa- Sən Azadsan!” adı altında yayımlanan video çarx nümayiş etdilirib.
Sonda tədbirin qonaqları rektorun məsləhətçisi Anar Osmanlı, Təhsil-1 fakültəsinin dekanı professor Fikrət Cahangirov, Magistratura şöbəsinin rəhbəri dosent Firuzə Rzayeva, Təhsil-1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dosent Amin Cəfərov, İngilis dilinin fonetikası kafedrasının müdiri professor Fərman Zeynalov, Pedaqogika kafedrasının müdiri dosent Nigar Zeynalova, İngilis dilinin qrammatikası kafedrasının müdiri professor Arif Hüseynov tədbir haqqında öz fikirlərini bildiriblər.