İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri Hülya Xuraman Ağasoy ADU-nun qonağı olub
ADU–nun Fəlsəfə və İctimai Elmlər kafedrasında Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin, Magistratura şöbəsi və Azərbaycanşünaslıq Mərkəzinin birgə təşkil etdiyi “Şuşanın siyasi, iqtisadi və mədəni əhəmiyyəti ” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin moderatoru Regionşünaslıq kafedrasının müdiri, dos. Sevdagül Əliyeva bildirib ki, bizim üçün 44 günlük müharibədən sonra ən müqəddəs yer, hamının getmək arzusunda olduğu şəhər Şuşadır. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən elan olunmuş Şuşa ili çərçivəsində Şuşanın tarixi, iqtisadiyyatı və mədəniyyətinin öyrənilməsi son dərəcə aktualdır.
BM kafedrasının dosenti Emil Qasımov “Şuşanın siyasi əhəmiyyəti” mövzusunda çıxış edib. O, bildirib ki, Şuşa şəhəri Pənahəli xan tərəfindən əsası qoyulduğu gündən müasir dövrədək müxtəlif mərhələlərdən keçmişdir, lakin müasir dövrdə Şuşanın siyasi əhəmiyyəti daha artmışdır.
Fəlsəfə və İctimai Elmlər kafedrasının dosenti Şəfəq Abdullayeva “Şuşanın iqtisadi potensialı” adlı çıxışında tarixən Şuşada mövcud olmuş emalatxana, sex və fabriklər, istehsal olunan məhsullar, onların xammalının və son məhsulun emalının xüsusiyyətlərini anladıb və Şuşada istehsal olunan parçalar, xalçalar, musiqi alətləri və s. haqqında maraqlı məlumatlar verib.
Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadə “Şuşa Azərbaycanın mədəniyyətinin incisidir” - mövzusunda çıxış etdi. O, Şuşada yaşayan, Azərbaycan mədəniyyətinə adları qızıl hərflərlə yazılan ədiblər, bəstəkarlar, xanəndələr, musiqiçilər, maarifçilər, ədəbi məclislərin yaradıcı və iştirakçıları, muzeylərlə yanaşı tarixi binalar haqqında geniş məlumat verib.
Magistratura şöbəsinin II kurs Britaniyaşünaslıq üzrə magistrantı Aydan Məcidova “Xarıbülbül festivalları” – haqqında danışıb. O, əvvəl Xarıbülbül bitkisindən, onun haqqında mövcud olan rəvayətlərdən, sonra isə Xarıbülbül festivalları haqqında məlumatı iştirakçıların diqqətinə çatdırıb.
Tədbirin fəxri qonağı İstanbul Azərbaycan Dostluq Dərnəyinin sədri Hülya Xuraman Ağasoy “ Şuşa dünya azərbaycanlılarının gözü ilə” mövzusunda çıxış edib. O, pandemiya dönəmindən başlayaraq, vaxtaşırı ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin onlayn tədbirlərində yaxından iştirak etmiş və rəhbərlik etdiyi təşkilatın tədbirlərinə fakültə müəllimləri və tələbələrini dəvət etmişdir. Xuraman xanım Şuşaya aparan Zəfər yolu boyunca hiss etdiklərindən, Şuşaya yaxınlaşarkən igid Azərbaycan əsgərlərinin Şuşa qalasına necə çətinliklərlə qalxdığını təsəvvür etdiyini kövrələrək iştirakçılara anlatdı. Sovet dönəmində görmüş olduğu Şuşanın dağıntılarını məyusluqla bildirən Xuraman xanım qeyd edib ki, qısa zaman kəsiyində artıq bir sıra işlər görülüb. Xuraman xanım şəhidlərimzin qanı ilə sulanmış, qazilərimizin fədakarlığı ilə alınmış o torparların, bizim üçün müqəddəs ziyarət obyektinə çevrildiyini söylədi. O, bildirdi ki, İstanbulda fəaliyyət göstərən Azərbaycan Dostluq Dərnəyi orada yaşayan Azərbaycanlıların bir qismini əhatə edir. Həmvətənlərimiz müharibədən sonra Qarabağın, Şuşanın bərpası, insanların mənəvi reabilitasiyası ilə bağlı bütün tədbirləri diqqətlə izləyir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün öz səylərini göstəririlər.